Mazut Akademiyası

31 Oktyabr 2013 09:51 (UTC+04:00)
Bu yazını, ölkənin taleyində az-çox məsuliyyət daşıdığını hiss edən hər kəsin oxuyub düşünməsini istərdim. Ölkə prezidenti, təhsil naziri, Milli Elmlər Akademiyasının prezidenti, ali məktəb rektorları, özünə elm adamı deyən hər kəs oxuyub düşünsün ki, Azərbaycan elm mühitinin dağıdılması, sıradan çıxarılması kimin, kimlərin marağına xidmət edir. Hər xəbəri soyuqqanlı qarşılasam da, bu xəbəri qarşıladığım kimi də bu yazını yazıram - əsəbi və hirsli.

Ancaq həm də ürək acısı ilə. Uzun illərdir Neft Akademiyasında kafedra müdiri işləyən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Professor Ramiz Qurbanov Neft Akademiyasının rektoru, akademik (yəni heç bir sanballı elmi əsərin olmur, ancaq nəyə görərsə Azərbaycanda akademik ola bilirsən) Siyavuş Qarayevə məktub yazır ki, on günlüyə öz hesabıma məzuniyyət verin ki, Həcc ziyarətinə gedim. Rektor da təqribən bildirir ki, o, nə Allahı, nə Quranı, nə də onun Həccini ciddiyə almır və ona razılıq vermir. Ardınca yenə də müraciət edir ki, o zaman məni vəzifədən azad edin ki, Həcc ziyarətinə gedim. "Azərbaycanda akademik" cənab Qarayev dərhal onun işdən azad olunması barədə əmr imzalayır. Dəyərli bir alim, beləliklə, Neft Akademiyasından qovulur!!!

Bunu gündəlik Azərbaycan ali məktəblərində baş verən adi hadisə kimi qiymətləndirəcək kimsələri də haqsız saymadan əsas mahiyyətə keçmək istəyirəm. Professor Ramiz Qurbanov 50 ilə yaxın idi bu ali təhsil ocağında çalışırdı. Azərbaycanın say-seçmə mütəxəssislərindən biri hesab olunur. Bu cür kadrların yetişməsi üçün nələr tələb olunduğunu azacıq elmi dünyagörüşü olanlar bilməmiş olmaz. Onun yetişdirdiyi yüzlərlə kadrların ölkəmiz üçün hansı dəyər kəsb etməsini də izah etməyə gərək yox. Bu səviyyədə bir alim artıq Neft Akademiyasında çalışmır.

Qocaman və dəyərli bir alimin Həcc ziyarətinə getməsini bəhanə edərək işdən çıxarılmasını, mən, bir millət vəkili olaraq Siyavuş Qarayevin Azərbaycan elminə qarşı törətdiyi cinayət kimi qiymətləndirirəm. İnsan öz inancına uyğun olaraq Həcc ziyarətinə getmək istəyir, sən Allahı tanımırsansa, başqalarıdamı sənin yolunu izləməlidirlər? Belə rahatlıqla, məsuliyyətsizliklə bir alimi necə işdən çıxarmaq olar? Rüşvətə görə deyil, işinin öhdəsindən gəlməməyə görə deyil, qeyri-əxlaqi davranışa görə deyil, Həcc ziyarətinə getməyə görə dəyərli bir elm adamını işdən çıxarmağın arxasında yalnız və yalnız Azərbaycan xalqına, onun elminə, ziyalısına amansız nifrət duyğusu dayana bilər. Onlarla tanıdığım dəyərli alim bu və ya digər bəhanələrlə cənab Qarayev tərəfindən Akademiyadan uzaqlaşdırılıb. Bir neçə müddət öncə dəyərli elm adamımız Rafiq Əliyevi də bu cür məsuliyyətsiz formada işdən çıxarmışdı.

Onun Ziyalılar Forumundakı fəaliyyətini bəhanə edərək, dünya elm auditoriyasına çıxışı olan az sayda alimlərimizdən biri olmasını da nəzərə almayaraq, həmin Siyavuş Qarayev gözüyumulu əmrini imzalamışdı. O zaman da Milli Məclisdə bu elmi soyqırıma qarşı etirazımı bildirmişdim. Təbii ki, yenə də Milli Məclisdə bu mövzunu gündəmə gətirəcəyəm. O qədər sadəlövh deyiləm ki, bu hadisəyə görə elmi soyqırım həyata keçirən bu rektorun cəzalandırılacağını gözləyim. Bilirəm ki, himayəsi də böyükdür, bu hadisəyə görə bəlkə də mükafat və biznes hədiyyələrinin sayını da artıracaqlar. O qədər sadəlövh deyiləm ki, Azərbaycan Milli Elmlər Akademiyasından da akademik zümrəsinə aid edilən insanlardan hansısa etiraz reaksiyası gözləyim.

Akademik Arif Həşimov kimi dəyərli elm adamının bir günün içində Akademiyadan uzaqlaşdırılaraq enerji sektorunda sıradan bir işçiyə çevrilməsini, mərhum akademik Midhət Abbasovun rəhbərlik etdiyi institutun ləğvini, akademik Eldar Salayevin portretinin Akademiya binasından çıxarılmasını necə laqeyd qarşıladıqlarını bildiyimdən hansısa umacağım da yoxdur. Kimlərsə ötüb keçmiş saylan bu addımlara siyasi məcburiyyət donu geydirərək, haçansa özünə bəraət qazandıra da bilər. Bəs Ramiz Qurbanovun Neft Akademiyasından qovulmasının adı nədir? Burada ki, siyasi, ideoloji motivi bəhanə edərək özünü yuxarılara xoş göstərmək yeri ki, yoxdur.

Doğrusu inanmıram, ancaq ümid edirəm ki, elm, təhsil sektoru ilə əlaqəsi olan səlahiyyət sahibləri bu məsələyə görə az da olsa rahatsızliq hiss edəcəklər.

İnanıram, həm də ümid edirəm ki, Ramiz Qurbanov kimi bir alimin bu şəkildə, qabadayı üslubda Neft Akademiyasından uzaqlaşdırılmasına cəmiyyətdən kəskin ictimai etiraz səsləri ucalacaqdır. Artıq Azərbaycanda Neft Akademiyası deyilən elm ocağı yoxdur, sadəcə Mazut Akademiyası var! Neftlə Mazutun fərqi Ramiz Qurbanovlarla Siyavuş Qarayevlərin fərqi qədərdir.

Allah səmimi ziyarətinizi qəbul etsin Ramiz müəllim!

AzNews.az