Nazir müavini ana ölümlərindən danışdı

31 Oktyabr 2013 11:32 (UTC+04:00)


APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda ana ölümü 2 hal azalıb.

Onun sözlərinə görə, ötən ilin 10 ayı ərzində 23 ana ölümü faktı qeydə alınmışdısa, bu il onların sayı 21-dir: "Hər bir ana ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Təkcə Səhiyyə Nazirliyi deyil, ana ölümü olduğu halda hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma aparılıb. Azərbaycanda qeydə alınan 21 ana ölümü faktı həkimlərin sırf səhvindən baş verməyib. Ancaq həkimlərin az və ya çox səhvləri də Səhiyyə Nazirliyinin diqqətindən kənarda qalmayıb və onlar cəzalandırılıb. Daha aşağı vəzifəyə keçirilib, işdən azad olunublar".

Nazir müavini qeyd edib ki, ölkədə doğuşların sayı da əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, Azərbaycan özünün əhalinin artım tempinə görə dünyanın aparıcı dövlətləri ilə müqayisə olunacaq səviyyədədir: "Azərbaycanda əhalinin artım əmsalı 12-dən yüksəkdir. Yəni, ölkədə hər min nəfərə dünyaya gələnlərlə ölənlər arasında rəqəm 12-dən çoxdur. Bu da Azərbaycanın bugünki reallıqlarından xəbər verir. Ölkənin inkişafını əks etdirən rəqəmlərdən biri də əhalinin artım tempidir ki, bu da ölkədə müşahidə olunur".

AzNews.az