Rəsul Quliyevin ACP-dəki postu ləğv olunacaq

31 Oktyabr 2013 11:37 (UTC+04:00)
"Rəsul Quliyev istefa verib və artıq Açıq Cəmiyyət Partiyasında liderlik institutuna ehtiyac yoxdur".


Bunu APA-ya açıqlamasında ACP sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, gələn ilin yazında partiyanın qurultayını keçirmək niyyətindədirlər və liderlik institutunun ləğvinin də qurultayda müzakirəyə çıxarılması gözlənilir.

S. Əkbər keçən ildən aktiv fəaliyyətə başlayan partiyada paralel strukturların olduğunun üzə çıxdığını və paralel strukturların aradan qaldırılması məsələsinə də qurultayda baxılacağını söyləyib: "Məsələn, İcra Aparatının üzvləri həm də qərarverici orqanın üzvləridir və bu hal aradan qaldırılmalıdır".

Qeyd edək ki, ACP Məclisinin sədri Zəminə Dünyamalıyeva və Məclis sədrinin müavini Solmaz Ələsgərli istefa veriblər. S. Əkbər Məclisin noyabrın 2-də keçiriləcək iclasında Məclisin yeni sədrinin və sədr müavininin seçilməsi məsələsinə də baxılacağını açıqlayıb. Partiyanın qurultayı ilə bağlı məsələyə isə Məclisin ilin sonlarında keçiriləcək növbəti iclasında baxılacaq.

S. Əkbər 2007-ci ildə təsis edilən partiyanın qeydiyyata alınması istiqamətində səylərini davam etdirəcəklərini deyib.

AzNews.az