İctimai Palata Rusiyanın baş prokuroruna müraciət etdi

31 Oktyabr 2013 12:25 (UTC+04:00)

Rusiya İctimai Palatasının sədri Azay Quliyevin məktubunu cavablandırıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Yeqor Şerbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyası Ictimai Palatasının sədri Yevgeni Velixova məktub göndərib.

Müraciətdə məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə cıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulması və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə edilib.

İctimai Palatanın sədri Y. P. Velixov isə müraciəti cavablandırıb. O, məktubunda bildirib ki, Rusiya ictimaiyyəti Orxan Zeynalovun həbsi ətrafında yaranmış vəziyyətdən çox narahatdır. Bununla əlaqədar İctimai Palata Rusiyanın Daxili İşlər Naziri V.A. Kolokolçevə və Baş Prokuroru Y.Y.Çaykaya müraciət edib. Y. Velixov qeyd edib ki, baş verən bu hadisə yalnız Azərbaycana yönəlik deyil, ümumilikdə Rusiyada olan miqrasiya probleminin təzahürüdür. İctimai Palata hazırda istintaqla bağlı vəziyyəti nəzarət altında saxladığını və prosesin gedişatı ilə bağlı Şuranı gələcəkdə də məlumatlandıracağını bildirib.

AzNews.az