Vəhhabilər kütləvi şəkildə DNT analizindən keçirilir

31 Oktyabr 2013 14:53 (UTC+04:00)
Dağıstanda vəhhabilər kütləvi şəkildə DNT analizindən keçməyə məcbur edilir.


Buna səbəb yaxınlaşan qış Olimpiya oyunlarında vəhhabilərin də iştirak edə biləcəyi ehtimal edilən terror hadisələrinin qarşısını almaqdır.

Xüsusilə canlı bomba ola biləcək qadınların əvvəlcədən müəyyənləşdirilməsi üçün bu tədbirin rolunun olacağı istisna edilmir.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dağıstanın hüquq-mühafizə orqanları bu barədə hər hansı açıqlama verməkdən imtina edib. "Reuters"in xəbərinə görə isə, bu vasitə ilə şəxsiyyətin müəyyənləşdirilməsi olimpiada zamanı terror aktı törədilməsinin qarşısının vaxtında alınmasına xidmət edir.

Xüsusilə Volqoqradda canlı bomba olan Naidə Asiyalovanın özü də daxil olmaqla 7 nəfərin ölümünə səbəb olan terror aktından sonra məsələ daha da ciddiləşib. Baş verənlərdən qorxuya düşdüklərini deyən vəhhabiliyin tərəfdarı 35 yaşlı Albina Maqamedova bildirib ki, oktyabrda Mahaçqaladakı evini tərk edərək yaşamaq üçün Türkiyəyə gedib.

Qeyd edək ki, son 13 ildə Rusiyada 49 qadın canlı bomba terror aktı törədib. Agentliyə müsahibə verən başqa bir qadın- Maliqat Abakarova isə hesab edib ki, belə bir tədbirin keçirilməsi daha pis nəticələr verə bilər. Qadın bildirib ki, onun qızı daha 3 gənc qızla bərabər həbs edilib. Buna səbəb isə onların evində "şəhid kəməri" tapılması olub.

Elnarə
AzNews.az