Azərbaycanda unikal GPS stansiya fəaliyyətə başlayır

31 Oktyabr 2013 15:57 (UTC+04:00)
Azərbaycanda unikal GPS stansiya fəaliyyətə başlayır.

AzNews.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu il respublika ərazisində 20-dən çox GPS stansiyanın quraşdırılması planlaşdırırlar.

Azərbaycan ərazisində Yer qabığının ayrı-ayrı tektonik bloklarının horizontal hərəkətlərinin sürətlərini və istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə istifadəsi nəzərdə tutulan bu stansiyalar Xəzər dənizindəki Çilov adasından tutmuş, dağlıq və depressiya zonalarının müxtəlif hissələrində quraşdırılır.

Bu günlərdə Saatlıda fəaliyyətə başlayacaq GPS stansiya isə öz unikallığı ilə seçilir. Stansiya Saatlı rayonu ərazisində yerləşən və dünyada qazılmış ən dərin (8324 metr) quyulardan birinin üzərində quraşdırılıb.

Stansiya Yer səthində quraşdırılmış digər GPS stansiyalardan fərqli olaraq, Yer qabığının daha dərin qatlarında gedən horizontal hərəkətlərin yer səthi üzrə ölçülən hərəkətlərdən sürət fərqini qiymətləndirmək, həmin hərəkətlər nəticəsində yaranan gərginlik sahələrinin potensial ocaq zonaları ilə əlaqəsini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir.

AzNews.az