Polis kapitanı sərxoş halda qəza törətdi: yaralılar var – Özəl

31 Oktyabr 2013 16:41 (UTC+04:00)
Dünən axşam saatlarında Bərdədə iki avtomobillinin toqquşması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.


AzNews.az xəbər verir ki, gecə saat 1-də Bərdənin Heydər Əliyev prospektində baş verən qəzada "Niva" markalı maşınla VAZ - 2107 markalı avtomobil toqquşub.

Qəza zamanı 2 nəfər yaralanıb. Yaralılar Vaz 2107-nin sürücüsü Rövşən Elşən oğlu Rəhimov və sərnişini Bərdə rayon polis şöbəsinin əməkdaşı polis serjantı Amil Abbasov olub.

Hadisəyə yüksək sürət və "Niva"nın qarşıdan gələn maşının yoluna çıxması səbəb olub. "Niva"nın sürücüsü, Bərdə rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, kapitan Amil Əliş oğlu Şərifovdur. Hadisə şahidlərinin sözlərinə görə, polis kapitanı sükan arxasında içkili olub. Qəzadan sonra da avtomobildən düşə bilməyib.

Polis kapitanın atası Əliş Şərifovun Daxili İşlər Naziriyində yüksək post tutan şəxslərlə yaxın dostluğunun olduğu bildirilir. Qeyd edilir ki, elə bu səbəbdən də hadisəni ört-basdır etməyə cəhd edilir.

AzNews.az rayon Polis Şöbəsi ilə də əlaqə saxladıqda da hadisənin gizlədilməsi bəlli olub. RPŞ-nin növbətçi hissəsi qəzadan xəbərsiz olduğunu bildirilib. Maraqlıdır ki, polis rəisinin köməkçisi Müşfiq müəllim (Soyadını deməkdən imtina etdi) də 2 nəfərin yaralanması ilə nəticələnən hadisədən xəbərsiz olduğunu deyib.

Bərdə rayon Mərkəzi Xəstəxanasından isə hadisənin baş verdiyi təsdiqləndi. Xəstəxananın travmatologiya şöbəsinin həkimi Xaliq Məmmədov AzNews.az bildirilib ki, gecə saatlarında xəstəxanaya gətirilən Amil Abbasovun vəziyyəti yaxşı olduğundan, o, müayinə olunaraq evə buraxılıb. Sürücü Rövşən Rəhimovun vəziyyəti isə nisbətən ağırdır. Həyati təhlükəsi olmasa da, onun xəstəxanada müalicəsi davam edəcək.

Ruhiyyə
AzNews.az