Elşad Abdullayevin sürücüsü ifadə verdi

31 Oktyabr 2013 16:59 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Elşad Abdullayevin sürücüsü olmuş Şamil Hüseynov şahid qismində ifadə verib.

Sürücü ifadəsində E.Abdullayevə məxsus ofisdə onun Gülər Əhmədova və Sevinc Babayeva ilə görüşlərinin və ucadan nəyi isə müzakirə etdiklərinin şahidi olduğunu deyib. O, adı çəkilən şəxslərin konkret nə barədə danışdıqlarını eşitməsə də, bir neçə dəfə 500 rəqəminin təkrarlandığını eşitdiyini deyib: "Elşad Abdullayev maşında gedəndə Sevinclə telefonla danışırdı. Deyirdi ki, Sevinc, mən pulu sənə vermişəm, səndən də istəyirəm. Amma pulun məbləği və digər adamın adı çəkilmirdi".

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

AzNews.az