Elşad İsgəndərov: “Azərbaycan unikal tolerantlıq modelidir“

1 Noyabr 2013 13:55 (UTC+04:00)

"Azərbaycan modeli dünyada multukulturalizm müsbət meyllərinin gücləndirilməsi üçün istifadə oluna bilər"


AzNews.az-ın məlumatına görə, bunu III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" adı dəyirmi masada çıxşı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

"Azərbaycanda sosial birliyin unikal modeli: dini tolerantlıq sosial kapital kimi" mövzusunda məruzə edən E. İsgəndərov deyib ki, dünyada, xüsusən də Avropada çoxmədəniyyətli cəmiyyətlərdə kəskin problemlər mövcuddur. E. İskəndərov Azərbaycanın unikal tolerantlıq modelinin nümunə kimi tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri cəmiyyətlərdə mövcud olan dözümlülüyün dörd əsas konsepsiyası olduğunu da vurğulayıb:

"Cəmiyyətlərdə mövcud olan münaqişələrin qarşısının alınması üçün qrupların öz maraqlarını önə çıxarması və azlıqda olanın çoxluq təşkil edənə məcburi güzəştə getməsi, tolerantlıq və dözümlülükdən qismən istifadə kimi hallar tolerantlığın Azərbaycana modelinə aid deyil".

E. İskəndərov bildirib ki, digərinin inancına qarşı yüksək sayğı ilə yanaşı onu qəbul etmək və qarşılıqlı yardımlaşma cəmiyyətdə yaxşı bir həyat üçün dəyərli töhfə kimi qəbul edilir:

"Bu xüsusiyyət Azərbaycan üçün xarakterikdir. Məsələn, burada müxtəlif məzhəblər biri-birilərinə ibadət evlərini güzəştə gedir, birlikdə ibadət edir, ayrı-ayrı dinlərin nümayəndələri bir-biri ilə qarşılıqlı hörmət əsasında əlaqələr qurur, birgə fəaliyyət göstərirlər. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada antisemitizm ümumiyyətlə yoxdur, sıfır səviyyəsindədir. Təbii ki, bu Azərbaycanın ən böyük sərvətdir".

Dövlət Komitəsinin sədri son bir ildə DQİDK təşəbbüsü ilə dini icmaların sosial layihələrinə dəstək proqramının həyata keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, bu cəmiyyətdə icmaların daha sıx təmasının möhkəmlənməsi, o cümlədən cəmiyyətə daha yaxın inteqrasiyasını təmin etmiş olur. E. İskəndərov mövcud modelin tarixi köklərə söykəndiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, tarixən Azərbaycanda dözümlülük dəyərləri milli mədəniyyətin tərkib hissəsi olmuş və ənənə halını almışdır. O cümlədən də bu gün dövlətin bu sahədə gördüyü işlər müsbət pozitivlik nümunələri üzərindən həyata keçirilir. Bu baxımdan, Azərbaycan hökuməti dini icmalara dəstək verərək müsbət dünyəvilik modeli qurub.

AzNews.az