Ayətullah Xamneyindən ABŞ-a xəbərdarlıq

4 Noyabr 2013 08:56 (UTC+04:00)
İranın ali dini lideri, ayətullah Əli Xamneyi ABŞ-a xəbərdarlıq edib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, ayətullah Xamneyi noyabrın 3-də Məşhəd şəhərində bir qrup məktəbli və tələbə ilə görüşü zamanı İrana hərbi müdaxiləni dəstəkləyən amerikalı siyasətçilərdən birinin fikrinə münasibət bildirib: "Bu siyasətçi İrana nüvə bombasının atılmasını istəməyib. Ancaq dünya və nüvə məsələləri barədə məsuliyyət daşıdığını təsəvvür edən bir ölkə başqa dövləti nüvə hücumu ilə hədələməklə səhv edir. Əgər amerikalılar həqiqətən də müzakirələrdə ciddidirlərsə, bu cür ağzına gələni danışan insanların qarşısını almalıdırlar".

Ali dini lider İranın "altılıq" ölkələri ilə nüvə müzakirələrini aparan heyəti ciddi şəkildə dəstəklədiyini də deyib: "Bunlar inqilabın övladları və sistemin vəzifəli şəxsləridir. Onlar böyük səylə çətin vəzifələrini yerinə yetirirlər. Bu baxımdan heç kimin onları zəif salmağa, təhqir etməyə və uzlaşmaçı olmaqla günahlandırmağa haqqı yoxdur. Bu gün İranla "altılıq" ölkələri arasındakı müzakirələr yalnız nüvə məsələsi ilə bağlıdır və başqa heç bir şeyi əhatə etmir. Allahın icazəsi ilə bu müzakirələrdən zərər görməyəcəyik. İran xalqı 2003-2004-cü illərdə uranın zənginləşdirilməsinin müvəqqəti təxirə salınması təcrübəsi kimi yeni bir təcrübə qazanacaq, düşüncəsi və analitik bacarığı inkişaf edəcək. Bununla belə, mən optimist də deyiləm və müzakirələrin İranın gözlədiyi nəticələri təmin edəcəyini düşünmürəm. Çünki amerikalılar bir tərəfdən gülərək müzakirələr aparılmasına istəkli olduqlarını, digər tərəfdən də bütün variantların masada olduğunu söyləyirlər. Düşmənin hiyləgər gülüşləri Qərblə nüvə müzakirələri aparan nümayəndə heyətimizi yanılmağa və səhvə sövq etməməlidir. Gülümsəyən düşmənə etibar etməməliyik və düşmənin aldadıcı təbəssümü heç kəsi çaşdırmamalıdır. Əgər müzakirələrdən nəticə əldə olunarsa, çox yaxşıdır. Hesab edirəm ki, baxışların daxilə yönəlməsi və daxili gücə söykənilməsi problemlərin yeganə doğru həll yoludur. Əgər bir xalq öz imkanları və potensiallarına söykənərsə, düşmənin sanksiyalarından dağılmaz. Biz bu məqsədə doğru getməliyik".

Ali dini lider bildirib ki, ABŞ məcburi olaraq müzakirələrdə İsrailin istəklərini düşünür: "Çünki güclü sionist sərmayə sahibləri və şirkətləri hökuməti və Konqresi ələ alıblar. Ona görə də biçarələr onların qarşısında boynu bükükdür və dinləməyə məcburdurlar. Amma biz onları nəzərə almağa məcbur deyilik. Biz ilk gün də dedik, indi də deyirik və gələcəkdə də deyəcəyik ki, biz sionist rejimi qeyri-qanuni və haramzadə bir rejim bilirik".

Ayətullah Xamneyi deyib ki, nüvə məsələsi bir bəhanədir: "Çünki ABŞ-ın keçmişinə baxdıqda nüvə məsələsinin İran xalqı ilə düşmənçiliyi davam etdirmək üçün bəhanədən başqa bir şey olmadığı aydındır. Amerikalıların İranla düşmənçiliyinin səbəbi İran xalqının onların istəklərini rədd etməsi və ABŞ-ın ölkəmizə qarşı heç bir şey edə bilməyəcəyi qənaətində olmasına görədir. Amerikalılar yalnız o zaman düşmənçilikdən əl çəkəcəklər ki, İran xalqı təcrid olunmuş, etibarsız, hörmətsiz bir xalqa çevrilsin".

Ali dini lider vurğulayıb ki, 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyini ələ keçirən gənclər əslində casusluq yuvası olan bu səfirliyin həqiqi mahiyyətini kəşf edərək dünyaya nümayiş etdirdilər: "Həmin gün bizim gənclərimiz ABŞ səfirliyini casusluq yuvası adlandırdılar. Bu gün üç onilliyin keçməsindən sonra ABŞ-ın müttəfiqləri olan Avropa ölkələrindəki səfirlikləri də casusluq yuvası adlandırılır.

Deməli, bizim gənclərimiz zamanı 30 il əvvəl qabaqlayıblar. İmperialistlə yola gəlməyin ölkələr və xalqlar üçün heç bir faydası yoxdur. ABŞ-ın imperialist davranışı xalqlar arasında bu ölkə barədə etimadsızlıq və nifrət hissinin yaranmasına səbəb olub. Həmçinin təcrübə göstərib ki, ABŞ-a etimad göstərən hər bir xalq və dövlət, hətta onun müttəfiqləri belə zərbəyə məruz qalacaq. Əgər bu gün dünyada ədalətli bir rəy-sorğusu həyata keçirilərsə, dünya xalqlarının ABŞ-a baxışı qədər heç bir dövlətə mövqeyi mənfi olmayacaq".

Qeyd edək ki, 1979-cu il noyabrın 4-də isə ABŞ-ın İrandakı səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib. Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur.

AzNews.az