Aydın Mirzəzadə: “Müxalifət niyə susub?”

4 Noyabr 2013 09:23 (UTC+04:00)



Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə müxalifəti Azərbaycan qarşı yönələn xarici təzyiqlərə adekvat münasibət göstərməməkdə ittiham edib.

AzNews.az-ın məlumatına görə, "facebook" ünvanında yer alan açıqlamasında A. Mirzəzadə deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkvnik Andrey Ruzunski bir neçə gün əvvəl Azərbaycanın ərazi bütövlüyü əleyhinə bəyanat səsləndirib.

O bildirib ki, Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər. Lakin bu bəyanat verilən bu günlər ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovnikinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirməyib:

"Digər zamanlarda bəyanatlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər. Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzaq bir diyar haqqında verilib. Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur".

AzNews.az