“Rus marşı”nda həbslər başladı- Yenilənib

4 Noyabr 2013 14:32 (UTC+04:00)
Polisin məlumatına görə, "Rus marşı"nda 8 min nəfər iştirak edir. Aksiya təşkilatçıları isə bu rəqəmin 20 min olduğunu bildirir.


Rusiya mətbuatının məlumatına görə, Lyublinada artıq həbslər başlayıb. "Sağçılar" milltəçi şüarlar səsləndirərərək qadağan olunmuş plakatlar aparıblar. Saxlananların sayı barədə hələlik dəqiq məlumat verilmir. Bəzi millətçilərin həbsdən qurtarmaq üçün qaçdığı bildirilir.

"Oktyabrskaya pole" metrostansiyasının yaxınlığında isə 5 nəfər saxlanılıb. Onlar polisin tələbinə məhəl qoymayaraq maskalarını çıxarmaqdan imtina ediblər.

***
13:52

Rusiyada "Vətəndaş Platforması" Partiyasının lideri, tanınmış biznesmen Mixail Proxorov öz tərəfdarlarını "Rus marşına" getməməyə çağırıb.


Sosial şəbəkə vasitəsilə tərəfdarlarına müraciət edən Proxorov "Uzun müddət "Rus marşı"na münasibət bildirib-bildirməmək barədə düşündüm.

Qərara aldım ki, artan millətçilik əhval-ruhiyyəsindən kənarda qala bilmərəm" deyib.

Proxorov ölkədəki miqrasiya siyasətindən və korrupsiyadan bir çoxlarının narazı qaldığını bildirərək təxribata uymamağa çağırıb:

"Biz miqrantlarla bağlı vəziyyəti radikal millətçilər olmadan da dəyişəcəyik. "Vətəndaş Platdorması" Partiyasının bunun üçün dəqiq resepti var. Millətçilərin marşına qoşulmaq vacib deyil. Kim ki, ora gedib-getməmək barədə düşünür, mən onlara "getməyin" deyirəm.

***
13:06
Rusiya paytaxtı Moskvada bu gün keçiriləcək "Rus marşı"nda iştirak edəcək şəxslər artıq toplaşmağa başlayıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lyublina rayonunda metro stansiyası yaxınlığından başlayacaq "Rus marşı" meriyanın təsdiqlədiyi marşrut üzrə davam edəcək.

Aksiyada 15 min adamın iştirakı razılaşdırılıb. Ancaq millətçilərin liderlərindən biri olan Dmitri Demuşkin aksiyada iştirakçıların sayının bundan 2 dəfə artıq olacağını bildirib.

Aksiyada təhlükəsizliyi təmin etmək üçün çox sayda polis əməkdaşı cəlb edilib. Metro stansiyasının ətrafında təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Metro adi rejimdə işləsə də, supermarketlər "texniki səbəblərə görə" bu saatlarda fəaliyyətlərini dayandırıblar.

Bir neçə ildir ki, keçirilən "Rus marşı" bu il Moskva ilə yanaşı digər şəhərlərdə də baş tutacaq. Bu qəbildən aksiyaların keçirilməsinə noyabrın 3-dən start verilib. Miqrantlara qarşı təşkil olunan bu aksiya Moskvada daha kütləvi xarakter daşıyacaq. Bu isə Moskvada Yeqor Şerbakovun azərbaycanlı Orxan Zeynalov tərəfindən öldürüldüyü barədə yayılan xəbərlərin təsiri ilə izah olunur.


Elnarə
AzNews.az