Kürdəxanının su təchizatı yaxşılaşdırılır- Foto

4 Noyabr 2013 15:22 (UTC+04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) birgə həyata keçirdiyi "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması" layihəsinin icrası uğurla davam etdirilir.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, icrasına cari ilin mayında başlanmış yeni layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 30 minə yaxın insanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb.

Koreya hökumətinin ayırdığı 26 milyon dollar qrant hesabına həyata keçirilən layihəyə əsasən, Kürdəxanı qəsəbəsində müxtəlif diametrli polietilen borularla 90 km-ə yaxın içməli su xətti çəkiləcək, 3600-dən çox ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Bundan başqa, qəsəbədə 417 yanğın hidrantının quraşdırılması nəzərdə tutulur.

Layihənin icrasına başlanandan ötən dövr ərzində qəsəbədaxili su şəbəkəsinin 19 km-lik hissəsi çəkilib, 400-dək ünvana birləşmə verilib. Layihə üzrə işlərin 2014-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa magistral xəttindən veriləcək. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4000 kubmetr olan 2 ədəd su anbarı tikiləcək və bu anbarlar Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəmərindən qidalanacaq.
Layihə çərçivəsində 3,8 km uzunluğunda kanalizasiya kollektorunun və 1,4 km uzunluğunda mikrotunelin inşası da nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq. Toplanacaq tullantı suları gələcəkdə Pirşağı qəsəbəsi yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaq.
Qeyd edək ki, ötən əsrin 50-ci illərində Kürdəxanı qəsəbəsində su təchizatı sistemləri yaradılsa da, mövcud infrastruktur uzun illər istismar olunduğundan və qəsəbəni tam əhatə etmədiyindən tələbata cavab vermir. Mərkəzləşmiş su təchizatı olan yerlərdə sakinlər gündə bir neçə saatlıq qrafik əsasında içməli su ilə təmin olunur. Su şəbəkəsi olmayan ərazilərdə əhali quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. Qəsəbənin yalnız kiçik bir hissəsində kanalizasiya şəbəkəsi mövcuddur.

AzNews.az