Əgər qarşı tərəf pulu vermək istəməsə...

6 Avqust 2012 10:01 (UTC+04:00)


Ötən dəfə əmək müqaviləsi ilə bağlı narahatlıq doğuran məsələləri işıqlandırmışdıq. Bu dəfə isə hüquqşünaslar əmlak alışı ilə əlaqədar vətəndaşlar üçün qaranlıq qalan bir sıra suallara aydınlıq gətiriblər. Vətəndaşın sualı belədir: "Tanımadığım bir şəxsə xarici ölkədən mənə məişət texnikası alıb göndərməsi üçün pul vermək istəyirəm. Həmin texnikanın qiyməti 400 manatdır və o, pulun 40%-inin əvvəlcədən ödənilməsini istəyir. Pulu vermək istəməsə və texnikanı gətirməsə, mən əvvəlcədən ona yazdırdığım bir kağızla hüquqi yolla pulu ondan geri ala bilərəmmi? Bu, mənə nə qədər məbləğə başa gələr? Həmçinin, bilmək istəyirəm ki, mənim gördüyüm bu iş hüquqi baxımdan düzgündürmü və ya bunun başqa bir üsulu varmı?"

Remedium Hüquq Klinikasınının əməkdaşları suala cavab olaraq bildiriblər ki, qarşı tərəfə yazdırılan kağızın məzmunu əhəmiyyət kəsb edir. Məzmundan asılı olaraq bunun etibarlılığı mübahisə doğura bilər. Tövsiyyə olunur ki, həmin şəxslə sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanıla (alqı-satqı müqaviləsini notarial qaydada da bağlaya bilərsiniz. Sadəcə rüsum 61 manat olduğuna və bağladığınız alqı-satqı müqaviləsinin ümumi məbləği az olduğuna görə bu, məqsədəuyğun olmaz): "Əgər qarşı tərəf pulu geri vermək istəməsə və texnikanın gətirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməsə, məhkəmə qaydasında pulu ondan tələb edə bilərsiniz (bu halda 20 manat dövlət rüsumu ödəməlisiniz). Nəzərə alınmalıdır ki, məhkəmə prosesi iddia ərizəsi məhkəməyə daxil olduğu gündən 3 ay ərzində davam edə bilər. Qətnamədən şikayət verilməyibsə, qətnamə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir və sonra icraya yönəldilir. İcra haqqında qanunvericiliyə və mövcud icra təcrübəsinə əsasən, qeyd etməyi zəruri hesab edirik ki, qətnamənin icrası aylarla (ən yaxşı halda 2-3 ay) davam edə bilər. Bundan əlavə, pul verdiyiniz insanı tanımadığınız üçün həmin şəxsin xaricə gedib qayıtmaması ehtimalı da mövcuddur. Bu hal qətnamənin gələcəkdə icrasına mane ola bilər".

Vətəndaşlara tövsiyyə edilir ki, pulu əvvəlcədən verməyəsiniz və yaxud alqı-satqı müqaviləsində beh barədə razılığa gəlib daha az məbləğdə (misal üçün texnikanın ümumi məbləğinin 10%-i) qarşı tərəfə pul verəsiniz: "Bu halda heç bir risk daşımırsınız və yaxud da daşıyacağınız riski minimuma endirmiş olursunuz. Bundan əlavə, texnika alqı-satqısı ilə peşəkar qaydada məşğul olan mötəbər şəxslərlə əməkdaşlıq etməyinizi məsləhət bilirik".


Sevinc

AzNews.az