Sabir Rüstəmxanlıdan onu qaralamaq istəyənlərə xəbərdarlıq

5 Noyabr 2013 09:32 (UTC+04:00)
"Bəzilərinin qanında erməni qanı var, ancaq məni Əkrəm Əylisli ilə müqayisə edirlər..."


Son günlər Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbəri Sabir Rüstəmxanlıya qarşı təhqiramiz və təzyiq ruhlu yazılar mətbuatda yer almaqdadır.
Noyabrın 1-də isə deputat ona qarşı hücumlarla bağlı "Mənə küçüklər hürür" başlıqlı sərt məqalə ilə çıxış edib. Həmçinin onun qardaşı Şahbaz Xuduoğluna məxsus "Qanun" Nəşrlər Evində vergi yoxlamaları aparılır.
Dünən "Müsavat"ın əməkdaşı VHP-nin qərargahında olub son durum barədə VHP-çilərin fikirlərini öyrənib. Partiya sədrinin müavinlərindən olan Arif İsmayılbəyliyə görə, vəziyyət ciddidir: "Sabir bəy özü müsahibəsində baş verənlərə yaxşı münasibət bildirib. Biz hüquqlarımızın bərpası üçün axıracan mübarizı aparacağıq".

VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə qeyd edib ki, məlum yazıların kim tərəfindən sifariş olunması və baş verənlərin kim tərəfindən təşkili araşdırılır.

Sabir Rüstəmxanlı özü isə bildirib ki, baş verənlərin noyabrın 5-də Siyasi Şurada müzakirəyə çıxarılması gözlənilir: "Siyasi Şura üzvlərinin bəziləri qabaqcadan planlaşdırılmış iş cədvəli üzrə rayonlardadır. Bu səbəbdən hələ müzakirə olmayıb".

O, hücumların bir səbəbi kimi də Samir Əsədlinin çıxışını qeyd edib: "Məlumdur, Samir Əsədli son mitinqdə gedib çıxış edib. O çıxışı mən bəyənmədim. Çünki doğru yanaşma deyil. Mən realist yanaşmanın tərəfdarıyam. Azərbaycanda seçki qurtarıb, İlham Əliyev prezidentdir və bu reallığı da hər kəs görür. Biz seçkilərin nəticələrinə öz münasibətimizi bildirmişik. Samir partiyaya hörmət edirsə, orada gərək çıxış etməyəydi. Onun da məsələsinə baxa bilərik. İndi mən bunu etmərəm, bəlkə də təzyiqlər olmasaydı, onun məsələsinə baxardıq. Mənə qarşı çıxan və yazan o adamlar heç bir əxlaqi ölçüyə sığmadan bizlərə hücum edirlər, yazılar, yazırlar. Bir neçə ay davam edən bu prosesdə heç bir yazıya münasibət bildirməmişəm. Gördüm ki, bu yazılar bir sistemə çevrilir və cavab verməli oldum. Deməli, baş verənlərin arxasında nəsə dayanıb. Bəzilərinin qanında erməni qanı var, ancaq məni Əkrəm Əylisli ilə müqayisə edirlər".

"Qanun" nəşriyyatı ilə bağlı məsələyə toxunan S.Rüstəmxanlı qeyd etdi ki, nəşriyyatı bağlaya bilməzlər: "Düzdür, bu nəşriyyata qısqanclıqla yanaşanlar var. Çünki Azərbaycanın kitab bazarında ən çox bu nəşriyyatdır, ən keyfiyyətli kitabları buraxan nəşriyyatlardan biridir. Normal vəziyyətdə bu cür peşəkarlıqla, işlə məşğul olan müəssisəyə vergi orqanları hörmətlə yanaşar. Şahbaz Xuduoğluna sağ ol demək lazımdır ki, indiki çətin vəziyyətdə, oxucunun, kitab oxuyanın az olduğu, xüsusi dövlət qayğısının olmadığı, kitab ticarətinə, kağıza güzəşt olmadığı vəziyyətdə belə fəaliyyət təqdir olunmalıdır. Hər iki-üç ildən bir hansısa bəhanə ilə nəşriyyata bu şəkildə basqın olur. Daim hədəfdədir".

S.Rüstəmxanlı baş verənlərin qərargahla bağlı problem yaratmayacağına ümid etdiyini də söyləyib: "Qərargahı əlimizdən ala bilməzlər, şəxsi əmlakdır, özümə məxsusdur. Şəxsi torpağımdır, bütün sənədlər qaydasındadır. Mənə böhtan atırlar ki, digər əmlaklarım, dükanlarım, şirkətlərim var, ancaq bu, yalandır. Bir dənə tapıb mənə məxsus bir yer göstərsinlər. Bəzilərinin heç bir xidmətləri olmaya-olmaya hər şeyləri var. Qoysunlar tərəziyə, görsünlər özləri kimdir, biz kimik. Əslində bu böhtanlar məhkəməlik işlərdir, düşünürəm onları məhkəməyə vermək barədə. Həmçinin təhqirlər barəsində məhkəməyə vermək barədə düşünürəm. Əsəblərimi məhkəmə yollarında xərcləmək həvəsim yoxdur, görüləsi daha vacib işlərim var. Ancaq onlar buna itələyirlər".

Bununla belə, VHP sədri ona qarşı aparılan kampaniya ilə bağlı ad çəkməyib: "Hər halda, Vergilər Nazirliyi özbaşına iyirmi nəfərlə hücum komandası göndərməz. Tapşırıq var. Amma eyni zamanda bu tapşırığın birbaşa prezident tərəfindən verildiyini də düşünmürəm. Ancaq bir ucu Prezident Aparatına dayanır".