Peşə məktəblərinə qəbul qaydaları dəyişdirilir

7 Noyabr 2013 08:58 (UTC+04:00)
Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu məsələ yeni hazırlanacaq ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasına daxil ediləcək.

Həmin dəyişikliklərdə yeni yaradılacaq müasir peşə mərkəzlərinə şagird qəbulu şərtlərinin sərtləşdirilməsi planlaşdırılır. Məqsəd isə bu mərkəzlərə daha istedadlı və peşə təhsili almağa real həvəsi olanları cəlb etməkdir.

Bununla yanaşı, müəyyən həvəsləndirici tədbirlərin də həyata keçiriləcəyi gözlənilir. Belə ki, həmin müəssisələrə qəbul olunacaq şagirdlərin təhsil aldıqları müddətdə nailiyyətləri daha yüksək olarsa, onların təqaüdlərinin artırılması məsələsi müzakirə oluna bilər.

AzNews.az