Sevinc Babayevanın bacısı: “Gülər, sən artistsən”

7 Noyabr 2013 13:24 (UTC+04:00)



Prosesdə şahid qismində S. Babayevanın bacısı Təranə Səfərova ifadə verib. Bildirib ki, yay aylarında Sevinc evə gəlib, Gülər Əhmədova ilə balıq yediyini və zəhərləndiyini deyib: "Həkim də mənə dedi ki, bacımı zəhərləyiblər, 6 ay ömrü qalıb. Bir müddət sonra Sevinc Azərbaycanı tərk etməli olduğunu dedi və getdi. Sonra Türkiyədən zəng edib dedi ki, pulu yoxdur, qızıllarını satıb xərcləyir. Dedim ki, Ayxan yanına gəlmək istəyir. O da dedi ki, Ayxanla mən də gedim. Bizi Türkiyədə Səlcuq Ağlayanla oğlu qarşıladı. Bizi maşında bir neçə saat gəzirdilər. Qorxdum, başladım ağlamağa ki, vallah heç nəyimiz yoxdur, elə bacımı görmək istəyirəm. Sonra Sevincin yanına getdik. Çox pis vəziyyətdə idi. Gülər Əhmədova, buna görə səni bağışlamayacağam. Sevinc ölənə kimi sənə inanırdı".

T. Səfərova daha sonra deyib ki, onlar Türkiyədə olanda Sevinc Babayeva ilə Gülər Əhmədovanın "Skype"la danışmasının şahidi olub: "Gülər dedi ki, məsələ həll olunacaq, bir az gözlə. Mən də Sevincə dedim ki, bunun nağıllarına inanma. Bakıya gələndə Gülərin bacısı Gülnara zəng edib dedim ki, gəl birləşək, bacılarımıza kömək edək, bu oyundan qurtarsınlar. Dedi ki, heç bir kömək edə bilməz. Bir müddət sonra Gülər mənə zəng elədi ki, gəl ərizə yaz ki, Sevinc özü Türkiyəyə gedib, mən isə razı olmadım. Sevinc mənə deyirdi ki, Gülərlə görüşmə, qoy səni tanımasın. Səlcuq zəng elədi ki, Sevinc xəstədir, beş min pul lazımdı. Ondan sonra anamgil Gülərin evinə getdilər. Gülər onlara deyib ki, 20 min pul verir, amma sənədə imza atsınlar. Biz də razı olmadıq".

Daha sonra T. Səfərova suallara cavab verib. Şahid bildirib ki, Ayxan Türkiyədə Sevinclə dalaşıb: "Ayxan dedi ki, Gülər sənin torbanı tikib, göndərib bura, gəl gedək Azərbaycana. Sevinc razı olmadı. Sevinc deyirdi ki, Gülərin əri ona 650 manat verib. Onu da deyirdi ki, gör, məni nə hesab edir ki, ordan bura 650 manat göndərir?"

T. Səfərova onu da deyib ki, ataları Elşad Abdullayevi yaxşı tanıyıb, Sevincin də Elşadla münasibəti yaxşı olub.

G. Əhmədova isə bildirib ki, T. Səfərova onunla yanaşı, ölkənin tanınmış adamlarına da şər atır.

T. Səfərova isə ona cavab olaraq "Sevinci sən zəhərləmisən. Tapşırmışdın ki, heç bir xəstəxanaya qəbul etməsinlər. Sən artistsən, sənin və oğlanlarının haqqında Türkiyədə "abjora" deyirdilər. Deyirdilər ki, Gülər gəlib burda 3 qoyunun kababını tıxır, üstündən də rakı içir".

Gülər Əhmədova isə ona "Artist sənsən, özü də xalq artisti" cavabını verib.

Bundan sonra T. Səfərova ona "Sən Elşadın pullarını alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanına hoteli nə ilə almısan? Hamısı Elşadın pulu ilə olub. Sənə nifrət edirəm. O videodakıların hamısı düzdür" söyləyib.

G. Əhmədova isə T. Səfərovaya "əgər sən deyən obyektlər varsa, hamısını sənə bağışlayıram. Elşad gəlib ifadə vermir, bunların dedikləri isə hamısı şər-böhtandır, öyrədib bura göndəriblər", deyə bildirib.

Proses günün ikinci yarısında davam etdiriləcək.


***
13:37
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva ifadə verib.

O bildirib ki, Sevincin zəhərləndiyini eşidib: "Mənə dedilər ki, heç bir xəstəxana onu qəbul etmir. Birtəhər Semaşko Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdik. Sonra Sevinc zəng elədi, ki, "Xala, məni tez burdan çıxarın, məni öldürəcəklər". Sonra Mərkəzi Gömrük Hospitalına apardıq, bir həftəyə sağaltdılar. Sevinc mənə danışırdı ki, restoranlardan birində Gülər Əhmədova ilə birgə nahar edib. Həmin vaxt yeməkdə başqa adamlar da olub. Deyiblər ki, Sevinc toyuq yeyir. Sevinc toyuğun acı daddığını görüb, ancaq utandığından tüpürməyib. Həmin gün evə gələndə yıxıldığını deyirdi. Bir müddət sonra isə Sevincin Türkiyəyə getdiyini eşitdim. Sevinc Türkiyədə zəng edib yanındakı kişinin çox pis adam olduğunu deyirdi. Deyirdi ki, onu bizimlə rus dilində danışmağa qoymur və bütün danışıqlara qulaq asır. Sevinc deyirdi ki, orada ac-susuz qalır, bir qəpiyi belə yoxdur. Sevinc and içirdi ki, Elşadın Gülərə verdiyi puldan bir qəpik də götürməyib. Gülər Sevincə deyirmiş ki, azca da dözsün, Azərbaycana gələndə ona vəzifə verəcəklər. Mən Gülərə zəng eləyib, Sevinci niyə Türkiyəyə göndərdiyini soruşdum, o da mənə dedi ki, Sevinc Türkiyəyə özü gedib".

Z. Cəbiyeva daha sonra prosesdə sualları cavablandırıb.

G. Əhmədovanın niyə Sevinci görmək üçün Türkiyəyə getmədiyini barədə suala belə cavab verib: "Sevinc deyirdi ki, heç kim yanına gəlməsin. Onu da deyirdi ki, bir müddətdən sonra ona vəzifə verəcəklər".

G Əhmədova isə Sevincə vəzifə veriləcəyi barədə ona heç bir söz demədiyini bildirib.

Z. Əliyeva Bakıda xəstəxanada həkimin onlara Sevincin zəhərləndiyini dediklərini açıqlayıb. G. Əhmədova isə elə bir halın olmadığını, həkimin belə bir rəy yazmadığını söyləyib.

G. Əhmədova Z. Cəbiyevaya "Sən Sevinci bədbəxt elədin. Siz Sevincin yaşadığı kişilərin də başına oyun açmısınız. Siz Sevincdən istifadə etmisiniz. Gəlib burda bilmədiklərinizi danışırsınız. Sevinc kim idi ki, onu öldürsünlər? Mənim adımdan istifadə etdiyi üçün Sevinci qovmuşdum. Mən Sevincin anasının vəziyyətini yaxşı bilirəm. Mən də anayam. Mən Ayxana sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, Sevinci mən öldürməmişəm".

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.


AzNews.az