“Bu, insan alverilə mübarizəyə böyük kömək olacaq”

7 Noyabr 2013 14:26 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" 518 nömrəli fərmana dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən İnsan Alverinə qarşı Mübarizə İdarəsi bundan sonra Baş İdarə adlanacaq.

Azərbaycan Miqrasiya Mərkəzi bu dəyişikliyi yüksək qiymətləndirərək struktur dəyişikliyini ölkə rəhbərliyinin insan alveri və məcburi əmək cinayətlərinə qarşı mübarizəyə xüsusi önəm verməsi ilə əlaqələndirib: "Dəyişiklik bu cinayətləri törədən şəxslərin vaxtında cinayət məsuliyyətinə cəlb edilməsi, insan alveri qurbanlarının hüquq və azadlıqlarının daha effektli təmin edilməsi ilə bağlıdır.

Hesab edirik ki, struktur dəyişikliyindən sonra Baş İdarənin səlahiyyətləri daha da genişləndiriləcək, əməkdaşların sayı artırılaraq. Baş İdarənin nəzdində istintaq qurumu yaradılacaq ki, bu da sonda insan alverinə qarşı daha effektiv mübarizənin təşkil olunmasına kömək edəcək".

AMM-də belə hesab edirlər ki, Baş İdarənin regional şöbələrinin yaradılması da istisna olunmur.

Elnur
AzNews.az