Asəf Quliyev gələcək planlarından danışdı

7 Noyabr 2013 15:35 (UTC+04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Milli Şuranın mitinq komitəsinin sabiq sədri Asəf Quliyev gələcək planlarıdan danışıb.


A.Quliyev Trend-ə açıqlamasında yaxın vaxtlarda yeni hərəkatla siyasətə qayıdacağını bildirib: "Mən AXCP-dən və Milli Şuradan istefa vermişəm, ancaq siyasi proseslərdən kənarda qalmayacağam. Partiya deyil, bir siyasi hərəkat yaratmaq üzərində işləyirəm. İşlər yekunlaşmaq üzrədir və mənə elə gəlir ki, noyabrın axırı hərəkatı rəsmi şəkildə elan edə biləcəyik".

Hərəkatın məqsədlərinə gəlincə, o, deyib ki, yeni yaradılan hərəkatın əsas götürdüyü xətt milli ideologiyadır: "Yəni məqsədimiz milli ideologiyanın təbliği, milli ideologiya ətrafında birləşəcək insanların bir araya gətirilməsidir".

A.Quliyev hərəkatın gələcəkdə digər partiya və təşkilatlarla əməkdaşlığı məsələsinə də toxunub: "Gələcəkdə bizim hərəkatın götürdüyü strateji xəttə uyğun hər hansı partiya və yaxud başqa bir qurum olacaqsa, o zaman müəyyən məsələlərdə əməkdaşlıq ola bilər. Ancaq bütövlükdə hansısa blokun yaradılmasını nəzərdə tutmuruq, çünki artıq neçə illərdir ki, bu cür bloklar yaradılıb, ancaq özünü təsdiq etməyib".

O, yeni yaradılacaq hərəkat üçün bir neçə adın təklif olunduğunu söyləyib: "Bir neçə ad artıq müəyyənləşib. Təklif olunan adlar arasında "Xalq arzusu", "Milli nicat", "Milli savalan" və başqa adlar var. Bu adlardan birinin üzərində dayanacağıq".

AzNews.az