Orxan Zeynalovu saxlayan polislər təltif edildi

7 Noyabr 2013 16:45 (UTC+04:00)
Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun saxlanılmasında fərqlənmiş polislərə ilk dəfə olaraq xüsusi xidməti vəsiqələr təqdim edilib.

Trend-in məlumatına görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev oktyabrın əvvəlində Moskva Cinayət-axtarış şöbəsinin əməkdaşlarına bu xidməti vəsiqələrin verilməsinin bərpa edilməsini nəzərdə tutan sərəncam imzalayıb.

Noyabrın 7-də bu il xidməti fəaliyyətində yüksək nailiyyətlər əldə etmiş daxili işlər orqanlarının ən yaxşı əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Yeqor Şerbakovun qətlinin üstünün açılmasında fərqlənmiş polis əməkdaşlarına ilk dəfə olaraq bu vəsiqələr təqdim edilib.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

AzNews.az