Türkiyə polisi etiraz aksiyasını dağıdıb

7 Noyabr 2013 20:57 (UTC+04:00)
Türkiyənin cənub-şərqindəki Nusaybin şəhərində polis Suriya ilə sərhəddə təhlükəsizliyin təmin olunması məqsədi ilə ayırıcı səddin çəkilməsinin əleyhinə keçirilən etiraz aksiyasını dağıdıb. APA-nın "Doğan" agentliyinə istinadən verdiyi xəbərə görə, polis su şırnaqlarından istifadə edərək şəhərin mərkəzində kürd əsilli gənclər tərəfindən təşkil olunan oturaq etiraz aksiyasını dağıdıb.

Etirazçıların digər bir qrupu isə Hakkari şəhərinin ətrafındakı Yüksəkova yaşayış məntəqəsində yürüş təşkil edib. Polis burada etirazçılara qarşı su şırnaqları, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar buna cavab olaraq polis əməkdaşlarına yandırıcı maye ilə doldurulmuş şüşə qabları və daş atıb. Polisin müdaxiləsindən sonra etirazçılar yan küçələrə səpələnib.

Xəsarət alanlar barədə hələlik xəbər verilmir.


AzNews.az