Pərviz Həşimli həbsxanadan qızı haqda yazdı

8 Noyabr 2013 09:59 (UTC+04:00)
İki ay öncə MTN tərəfindən silah qaçaqmalçılığı ittihamı ilə saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli dünən məhkəməyə gətirilərkən üzləşdiyi növbəti qanunsuzluqla bağlı təəssüratlarını qələmə alıb, əməkdaşı olduğu "Bizim yol" qəzetində dərc etdirib.

"O körpənin günahı nə?

Xeyli zaman idi ki, izləndiyimi hiss etmişdim. MTN-nin məni şərləyib həbs edəcəyini yaxın çevrəmə və həyat yoldaşıma demişdim.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi şöbəsinə də email yazmısdım. Ancaq bu həbsin prezident seçkilərinə 20 gün qalmış həyata keçriləcəyinə inanmırdım. Hərdən sadəlövhcəsinə düşünürdüm ki, qardaşımın toyu ərəfəsində bu addımı atmazlar… Bu adamların milli, mənəvi dəyərlərə münasibətinin bu cür olduğunu sonradan anladım. Bir ailənin fərəhli, sevincli gününü qəddarcasına az qala hüzr mərasiminə çevirdilər.

Məni küçədən həbs edəndən sonra evimə basqın düzənləyiblər. Maskalanmış 30 silahlı evin qapısını sındıraraq içəri hücum ediblər. Həyat yoldasımın və 5 yaşlı qızım Zeynəbin həmin an nələr yaşadığını təsəvvür edəndə damarlarımda qanım donur. Məhbəsdə olduğum 5-ci günü bildim ki, evimə hücum edən MTN əməkdaşlarının insanlığa sığmayan bu hərəkətləri onlara nələr yasadıb.

5 yaşlı körpə maskalanmış silahlıların qarşısında diz çökərək, "bizi öldürməyin" deyə göz yaşları ilə fəryad edib. Axı o körpənin günahı nədir? Allahınızdan qorxmadınızmı? Sizin övladınız yoxdurmu? Etdikləri bu vəhşi və qorxunc əməllərin ört- basdır etmək üçün isə evimin təhlükəsizlik kamerasının yaddaşını özləri ilə aparıblar. Həm də ona görə aparıblar ki, həyətdəki tikililiyə qumbaranı özləri qoymusdular. Həmin gündən ailəm o evdə yaşamır. Çünki, çox qorxublar. Həmin gündən evimizin çırağı sönülü, qapımız isə qıfıllı qalıb. O gündən Zeynəb "evimizə oğru gəldi, amma atam da gəlmir" deyə ağlayır. Həbs olunduğumu bu yaxınlarda bilib. Artıq 5 yaşlı o korpə özünün uşaq dünyasına küsüb.

Eşitdim ki, ən sevimli oyuncaqlarından belə küsüb, imtina edib. Bu körpəni yaşadığı bu dünyaya küsdürənlər, Allahınızdan niyə qorxmadınız? Sevdikləriniz, övladlarınız sizə əziz olduğu kimi başqalarınkı da onlara əzizdir. Mənə deyirlər ki, Zeynəb indi əlində rəsmim evin küncündə ağlayıb, məni istəyir. Ağlayıb yorulanda elə oradaca yuxuya gedir. İndi çox çarəsizəm. Ailəmə, mənə bunu edənləri qanunla mühakimə etdirməyim mümkün deyil. Çünki hüququn, qanunun zorlandığı bir məmləkətin vətəndaşıyam.

Amma sığındığım Uca Tanrım var. Allah bilən və görəndir. Əgər bir insan tutduğu vəzifəsində başqalarının günahını alırsa, başqalarının haqqını tapdalayırsa , gec- tez Allah bunun bədəlini ona ödədəcək. Çünki insan üçün vəzifə və yüksək mövqe əbədi deyil. Bu pisliyi edənləri, məni bu işə salanları qanunlar olmasa da Allah cəzalandıracaq".



AzNews.az