Cinsi zorakılıq hallarına görə cəzalar sərtləşdirilə bilər

8 Noyabr 2013 10:39 (UTC+04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə üzvünə qarşı cinsi zorakılıq halı törədən şəxsə (ailənin digər üzvü tərəfindən) qarşı cəzaların sərtləşdirilməsi təklifi ilə müvafiq qurumlara müraciət edib. Trend-in məlumatına görə, bunu komitənin sədr müavini Aynur Sofiyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, müvafiq qurumlar həmin təkliflərə rəy verdikdən sonra Milli Məclisə təqdim ediləcək.

A.Sofiyeva son zamanlar Azərbaycanda ailə daxilində baş verən zorlanma hadisələrinin sayının artmadığını da söyləyib: "Biz belə halların artdığını hesab etmirik. Ola bilsin ki, əvvəllər belə hallar baş verirdikdə onlar mətbuata çıxmırdı. Ancaq son zamanlar mətbuatın bu məsələyə daha çox diqqət yetirməsi belə halların çox işıqlandırılmasına səbəb olub".

A.Sofiyevanın fikrincə, mətbuatda belə informasiyaların çox işıqlandırılmasını düzgün hal hesab etmək olmaz.
Ailə daxilində baş vermiş cinsi zorakılığı böyük cinayət sayan dövlət komitəsinin sədr müavini hesab edir ki, belə məlumatların tez-tez mətbuatda verilməsi bu məsələyə olan münasibətə də öz mənfi təsirini göstərir.

AzNews.az