“Müsavat mövqeyini hələ dəqiqləşdirməyib” – Gülağa Aslanlı

8 Noyabr 2013 10:59 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, onun və yaxud da hansısa funksionerin fikrinin Müsavat Partiyasının mövqeyi olması haqda mülahizələr yanlışdır: "İstənilən məsələ partiya Divanında, müavinlikdə müzakirə olunmalıdır. Orada verilən qərar isə partiyanın mövqeyi sayılır. Mənim şəxsi mövqeyim isə hələ Müsavat Partiyasının mövqeyi demək deyil".

Partiyanın Milli Şura ilə bağlı mövqeyi haqda danışan G. Aslanlı qeyd edib ki, bu qurumun rəhbər strukturunun yaradılması və ümumiyyətlə köklü islahatlarla bağlı Müsavat Partiyası öz qərarını açıqlayacaq. Hələlik isə bu məsələ nə müzakirə olunub, nə də qərar verilib.

G. Aslanlı partiyanın mövqeyinin nə vaxt açıqlanacağı haqda isə bir söz deyə bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, Milli Şuranın növbəti sessiyasına qədər Müsavat Partiyası bu məsələ ilə bağlı öz mövqeyini müəyyənləşdirəcək. Partiya funksioneri Milli Şuradakı mövcud vəziyyətin qurum daxilində fikir ayrılıqlarına - böhrana səbəb olacağına inanmadığını da söyləyib.

Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, qurumun başqan müavini Gülağa Aslanlı və digər partiya fəalları mediaya açıqlamalarında Milli Şuradakı vəziyyəti təhlil edərkən, həmsədrlik institutunu dəstəkləmədiklərini bildiriblər. Onların bu fikirləri Müsavat Partiyasının mövqeyi kimi qəbul edilib.

Ramil
AzNews.az