İranla sərhəddə fövqəladə vəziyyət

8 Noyabr 2013 14:40 (UTC+04:00)



İran İslam Respublikası Azərbaycanla sərhəddəki Biləsuvar gömrük-keçid məntəqəsini dünən saat 16-dan bağlayıb.

APA-nın hazırda Biləsuvarda olan əməkdaşının verdiyi məlumata görə, 2000-ə yaxın Azərbaycan vətəndaşı bu gün səhərdən İrana keçmək üçün növbə gözləyir. Məntəqənin açılmadığını görən insanların çoxu ya evlərinə qayıdır, ya da Astara Gömrük-keçid məntəqəsinə üz tuturlar.

Hazırda sərhəddən yalnız İrandan Azərbaycana qayıdan Azərbaycan və Azərbaycandan İrana gedən İran vətəndaşları buraxılır.

İrandan Azərbaycana qayıdan şəxslər qarşı tərəfdə də böyük növbə yarandığını bildiriblər.

İrana səfər etmiş və geri qayıdan Azərbaycan vətəndaşlarının Azərbaycana keçməsinə maneə yaradılmır.

Məntəqədən yük maşınlarının keçməsinə isə qadağa qoyulub. Məntəqədə İran və Azərbaycana aid 400-ə yaxın ağır tonnajlı yük maşını gözləyir.

Artıq Astara Gömrük-keçid məntəqəsində də böyük növbə yarandığı bildirilir. Məntəqədə İrana keçmək üçün 200-dən çox şəxs növbə gözləyir.

AzNews.az