Kürdəmirdə yol qəzası olub

8 Noyabr 2013 20:13 (UTC+04:00)
Kürdəmirdə yol qəzası olub, 2 nəfər xəsarət alıb.
Trend EL TV-yə istinadən məlumat verir ki, Bakı-Qazax avtomobil magistralının 205-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yol qəzası qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan, 39 yaşlı Mahir Çıraqovun idarə etdiyi "Mercedes" markalı yük maşını qarşı tərəfdən gələn 53 yaşlı Abxan Əliyevin idarə etdiyi "KamAZ" la toqquşub. Hadisə zamanı "Mercedes"in sürücüsü ağır, "KamAZ"ın sürücüsü isə yüngül xəsarət alıb.
Şahidlərin sözlərinə görə, "KamAZ"ın qarşısına başqa maşın çıxıb və həmin vaxt o qarşı zolağa keçmək məcburiyyətində qalıb.
Qeyd edək ki, qəza nəticəsində "Mercedes"də olan 100 baş qoyunun 55-i tələf olub, 5 dana ciddi xəsarət alıb. "KamAZ"da isə 27 ton nar olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

AzNews.az