NATO-nun mənzil-qərargahında rəsmi açılış olub

8 Noyabr 2013 22:10 (UTC+04:00)
Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Direktoru Nazim İsmayılov NATO mənzil-qərargahında olub. Аzərbaycanın NATO yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində NATO-nun Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında keçirilən iclasda N.İsmayılov təqdimatla çıxış edib. ANAMA direktoru rəhbərlik etdiyi qurumun bu günədək həyata keçirdiyi layihələr, o cümlədən Ceyrançöl ərazisinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi məqsədilə NATO ilə birgə həyata keçirilən Ceyrançöl Sülh Naminə Tərəfdaşlıq (SNT) Etimad Fondunun birinci mərhələsi çərçivəsində görülən işlərin gedişatı və gələcək planlar barədə məlumat verib.

Toplantıda Ceyrançöl SNT Etimad Fondunun ikinci mərhələsinin rəsmi açılışı da elan olunub.

Bundan əlavə, səfər çərçivəsində NATO-nun İnteqrasiya, Tərəfdaşlıq və Əməkdaşlıq və Əməliyyatlar idarələrində, o cümlədən bir sıra dövlətlərin NATO yanında daimi nümayəndəliklərində yüksək səviyyəli görüşlər keçirilib. Bu görüşlərdə ANAMA-nın milli və beynəlxalq fəaliyyəti, o cümlədən xarici ölkələrdə həyata keçirilən layihələrə verdiyi töhfələr və gələcək potensial layihələrdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ANAMA Azərbaycanın Əfqanıstanın Mina Təmizləmə Departamentinin nümayəndələrinə bir neçə dəfə təlim keçib və mina hadisələri ilə mübarizə ilə bağlı məktəblərdə istifadə edilən kitablar hədiyyə edib. Eyni zamanda ANAMA Gürcüstan III SNT Etimad Fondu çərçivəsində yerli mütəxəssislərə təlimlər keçib. ANAMA analoji təlimləri Türkiyə, Tacikistan və İordaniyadan olan ekspertlərə də keçib.

NATO rəsmiləri ANAMA-nın belə geniş sahəli fəaliyyətini yüksək qiymətləndirib və gələcəkdə bu istiqamətdə ANAMA ilə əməkdaşlığın davam etdirilməsinə maraqlı olduqlarını bildirib.(APA)