Ermənilərin altı yüz illik arzusu puç olur
9 Noyabr 2013 21:59 (UTC+04:00)
ABŞ-da yaşayan erməni jurnalisti Edmond Azadiyan ingilisdilli həftəlik "The Armenian Mirror-Spectator" qəzetində Ermənistandakı mövcud durumu kəskin tənqid edən məqalə yazıb.
Anspress-in məlumatına görə, o, Ermənistanda ermənilərin gələcəyinin ümidsiz olmasından bəhs edib: "Altı yüzillik arzulardan sonra ermənilər öz vətənlərini kütləvi şəkildə tərk edirlər. Statistika çox qorxudur, adama elə gəlir ki, tunelin sonunda işıq yoxdur. Müstəqilliyin erkən çağlarında 1991-ci ildə Ermənistanın əhalisi 4 milyon olub. Bu gün isə 3 milyon və ya 3,1 milyon təşkil edir. Əhalisi 4 milyon olan kiçik bir ölkə üçün bir milyon insanı itirmək faciəvi nəticələr verir. Yalnız 2013-cü ilin ilk 9 ayında Ermənistanın əhalisi 10 min nəfər azalıb".
Daha sonra Azadiyan Rusiyanı tənqid edir: "Bizim müttəfiqimiz və müdafiəçimiz Rusiya ermənilərin öz torpaqlarında bundan sonra da yaşamasına şərait yaranması baxımından heç də regionun sabitləşməsi üçün yararlı olmadı. Alova yağ tökən Rusiya İrəvanda mühacirət ofisləri açıb və əməkqabiliyyətli insanlara iş və vətəndaşlıq təklif edir ki, onları Rusiyanın əhalisi az olan regionlarına yerləşdirsin. Buna görə də yoxsul erməni ailələri bu təkliflərdən yararlanırlar və birdəfəlik Erməistandan gedirlər".
Azadiyanın sözlərinə görə, Ermənistana sərmayələr 65 faiz azalıb: "Erməni diasporunun sərmayələri isə daha çox azalıb".
Erməni jurnalist vəziyyətin belə alınmasının günahını hakimiyyətdə olan "Qarabağ klanı"nda görür: "Korrupsiya çiçəklənir və yalnız hökumət bu problemi həll edə bilər. Amma hökumətin həll etməkdənsə, daha çox problem yaratdığı görünür. Əgər gənclər belə iri miqyaslarla ölkəni tərk edirsə, soruşmaq lazımdır, sərhədləri kim qoruyacaq?".
Azadiyan məqaləsinin sonunda Erməistanın vəziyyətinin çıxılmaz olduğunu vurğulayır: "Müxalifət lideri və keçmiş prezident Levon Ter-Petrosyan tələb edir ki, prezident Serca Sarkisyan istefa versin. Amma onu kim əvəz eləsə də, çox tezliklə Ermənistan iqtisadiyyatına nəzarət edən və məhv edən oliqarxlarla əhatələnəcək. İstənilən təlatüm vəziyyəti daha da çətinləşdirəcək".
AzNews.az