Erməni uşağından növbəti məktub gəldi

6 Avqust 2012 22:49 (UTC+04:00)


Avqustun 6-da Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AzərTAc-a artıq altı ildir ki, ölkəsində məktəbə gedə bilməyən erməni oğlan David Davityandan növbəti məktub daxil olub. Təhsil almaq istəyən gənc Ermənistanda ona qarşı yaradılan maneələri dəf edə bilmədiyindən yenə də nicat yolunu kənarda axtarmağa məcbur olub. Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan Davidin yenə də beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən qonşu Azərbaycana kömək üçün müraciət etməkdən başqa əlacı qalmadığını yazıb.

Növbəti məktubda da David yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizlərinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən, təhsil almaq hüququndan məhrum edildiyi ölkədən onu xilas etməyi xahiş edir. Uşaq erməniçilikdən qorxur.

"Bizi bu dövlətdən xilas edin! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!" deyərək hayqıran David Davityan dövlətindən heç bir yardım görmədiyindən Azərbaycan hökumətinə, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına üz tutub.

Ermənistanın hüdudlarından kənarda kömək axtaran erməni uşaq məktubunda yazır: "Mən artıq altı ildir ki, məktəbə getmirəm. Nə idi mənim günahım?! Artıq sentyabr yaxınlaşır ... anamın saxlanılma müddəti başa çatır, amma bizə hələ də ölkədən çıxmağa icazə verilmir. Mən məktəbə getmək, oxumaq istəyirəm. Görəsən mən bu il də erməni prezidentinin ucbatından təhsildən məhrum olacağam?! Mənim uşaq hüquqlarım bu ölkədə çox kobud şəkildə pozulur... Bu cür daha davam edə bilməz... Məni xilas edin! Xahiş edirəm Ermənistan prezidenti ilə danışıqlar aparasınız ki, o bizi buradan buraxsın. Anam işləmir, daha bu cür yaşamaq olmaz, mən yemək, məktəbə getmək istəyirəm. Sizə yalvarıram, məni xilas edin! XİLAS EDİN!!!".

Xatırladaq ki, iyunun 22-də AzərTAc-a Davidin anası Felmira Davityandan da məktub daxil olmuşdur. Məktubda ümidini itirmiş ana müxtəlif dövlətlərin rəhbərlərindən, o cümlədən Azərbaycan hökumətindən, humanist aksiyaları ilə təkcə Azərbaycanda deyil, dünyada məşhur olan Heydər Əliyev Fondundan, ombudsmandan, kütləvi informasiya vasitələrindən, qeyri-hökumət təşkilatlarından yardım istəmişdir.

Ümidini itirən erməni ana məktubunda yazırdı: "Məni 300 dollar rüşvət almaqda şərlədiklərinə görə 666 gün həbsxanada saxlamış və hər cür təhqirlərə məruz qoyublar. Məni bu cəhənnəmdən, həbsxanasında 666 gün zillət çəkdiyim bu dövlətdən xilas edin! Mən yalnız sivil ölkələrin köməyi ilə azad edildim. Azad olunsam da mənə daha 666 gün ölkədən çıxmaq qadağan edilib. Oğlumun təhsil almaq hüququndan məhrum edildiyi ölkədən bizi xilas edin. Əgər bizə bu ölkədən çıxmağa icazə verilməzsə, o, bundan sonra da təhsil ala bilməyəcəkdir...

...Mən bu dövlətdə cinayətkaram, mənim yeganə cinayətim erməni doğulmağımdır. Halbuki mən artıq özüm də inanmıram ki, mən erməniyəm. Yalandan, oğurluqdan, böhtandan, qətllərdən, sadizmdən, satqınlıqdan, hannibalizmdən ibarət erməni mədəniyyətini öz mədəniyyətim hesab etmirəm. Bu dövlət mənim və mənim övladımın hər şeyini oğurlayaraq, bizi aclığa məruz qoyur".

Həqiqətən də Ermənistanda vəziyyət gündən-günə daha acınacaqlı hal alır. Bunu Ermənistan və xarici KİV-lərdə son vaxtlar çoxalmış məqalələr də sübut edir. Məsələn, bu günlərdə Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" (Les Nouvelles d’ Armenie) jurnalında çıxmış "Armenia Now.com"un müxbiri Sara Xodjayanın məqaləsində Ermənistan iqtisadiyyatının iflic vəziyyətinə düşməsi nəticəsində ölkədə çoxuşaqlı ailələrin yoxsulluğa daha çox məruz qalmalarından və bu ailələrin acınacaqlı vəziyyətindən bəhs olunur.

Digər bir mətbu orqanı - ArmenianReport.com informasiya-təhlil portalı Ermənistan dövlətinin qarətçi siyasətini ifşa edir. Burada dərc olunmuş məqalənin müəllifi kriminal-oliqarxik tayfa adlandırdığı hakim tayfanın nümayəndələrinin təmtəraqlı həyatı fonunda Ermənistan xalqının üzləşdiyi çətinliklərdən söhbət açaraq yazır: "Biz artıq adət etmişik ki, hakim tayfanın nümayəndələrinin gözqamaşdırıcı təmtəraqlı həyatı fonunda Ermənistan xalqı aclıq çəkir".

Bu gün Ermənistanda vəziyyət son dərəcə acınacaqlıdır. Kişilərin əksəriyyəti işləmək üçün Ermənistanı tərk edərək xarici ölkələrə üz tutmuşlar. Ailənin bütün ağırlığı qadınların üzərinə düşmüşdür. Ailənin yeganə başçıları hesab edilən bu qadınların da əksəriyyəti işsizdir. Ölkə statistika idarəsinin məlumatına görə, Ermənistandakı işsizlərin 70 faizini qadınlar təşkil edir. Dörd və daha çox uşaqlı ailələrin 70 faizi yoxsulluğun məngənəsində əzab çəkir. Ölkə əhalisinin 36, uşaqların isə 41 faizi yoxsulluğun son həddində yaşayır.

Yoxsulluğun son həddində və acınacaqlı vəziyyətdə yaşayan ailələr öz uşaqlarını Əmək Nazirliyinin açdığı xüsusi uşaq evlərinə verməyə məcbur olmuşlar. Ermənistanda səkkiz belə uşaq pansionatı mövcuddur. Həmin pansionatların hər birində 800 uşaq yerləşdirilib.

Öz hakimiyyətini yalanlar üzərində quran və əhaliyə boş vədlər verən Ermənistanın rəsmi dairələri ölkədə yaranmış ağır vəziyyəti dünya ictimaiyyətindən gizlətməyə səy göstərirlər.

Ermənistan rəhbərliyinin getdikcə daha çox korrupsiyaya qurşanması ölkəni iflic vəziyyətinə salır, tənəzzüldə olan iqtisadiyyatını uçuruma yuvarlayır və yoxsulluğun son həddində yaşayan insanların sayının durmadan artmasına səbəb olur.

Bu ölkədə vətəndaşların sosial vəziyyətinin getdikcə daha da pisləşməsi ilə yanaşı, hüquq və azadlıqlarının kobud şəkildə pozulması da geniş vüsət alıb. Həyat şəraitinin daha da ağırlaşması ilə üzləşən ermənilər artıq yeganə çıxış yolunu ölkəni kütləvi şəkildə tərk etməkdə görürlər. Son vaxtlar Ermənistanda vəziyyətin pisləşməsi ilə əlaqədar kömək üçün başqa dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edənlərin sayı da durmadan artır. Onların arasında uşaqlar və gənclər üstünlük təşkil edir.

Əslində Ermənistanda bu gün insanlar, hətta uşaqlar da daxil olmaqla yaxşı başa düşürlər ki, iqtisadiyyatının diz çökmək üzrə olduğu bu ölkədə onların gələcəyi məhvə məhkumdur. Onlar yaxşı anlayırlar ki, Ermənistandakı bugünkü dözülməz vəziyyətə bais olan hakimiyyət təkcə ölkənin deyil, həm də regionun da gələcəyi üçün ciddi təhlükədir.


AzNews.az