Masallının Ərkivan qəsəbəsində Mərasim evinin açılışı olub

11 Noyabr 2013 22:24 (UTC+04:00)
Noyabrın 11-də Masallı rayonunun Ərkivan qəsəbəsində yeni tikilmiş Mərasim evi yerli sakinlərin istifadəsinə verilib. APA-nın Cənub bürosunun məlumatına görə, rayon icra strukturları və ictimaiyyət nümayəndələrinin, qəsəbə ağsaqqallarının, din xadimlərinin və və çoxsaylı qonaqların toplaşdığı tədbirdə Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, Bakı İslam Universiteti Sumqayıt şöbəsinin müdiri, Elmi-Dini Şuranın üzvü Hacı Mirəziz Seyidzadə, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Kamal Mazanov, Ərkivan bələdiyyəsinin sədri İsrail Tağıyev, qəsəbə ziyalıları Zahir Əmənov və Məmmədağa Sadıqov, 1 saylı şəhər orta məktəbinin direktoru Mirqabil Hüseynov və başqaları çıxış edib. Onlar bu tikilinin ərsəyə gəlməsində maddi yardım göstərmiş əslən Ərkivandan olan iş adamı, xeyriyyəçi Gülağa Tənhaya (Qəmbərov) minnətdarlıqlarını bildirib.

Öz növbəsində Gülağa Tənha Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, bundan sonra da xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyini deyib.

Çıxışlardan sonra qurbanlar kəsilib, tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb.

Qeyd edək ki, ikimərtəbəli, 600 yerlik Mərasim evinin xidmətindən bütün yerli sakinlər təmənnasız yaralana biləcək. Burada geniş mətbəx, hər iki mərtəbədə sanitar qovşağı, ikinci mərtəbədə geniş balkon, otaqların qışda qızdırılması və yayda sərinləşdirilməsi üçün kondisionerlər quraşdırılıb. Bundan əlavə Mərasim evinə gedən 500 metrə yaxın yola asfalt döşənib, hər iki tərəfə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb.

AzNews.az