Ziyalılar Forumunda ikitirəlik: Gültəkin Hacıbəyli Əkrəm Əylisliyə qarşı

12 Noyabr 2013 15:01 (UTC+04:00)
"Əkrəm Əylisinin sözündən belə çıxır ki..."



Ziyalılar Forumunun üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin AzNews.az-a müsahibəsi:


- Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisi diqqət çəkən təkliflə çıxış edib. O, bildirib ki, Milli Şuraya gedənlər Ziyalılar Forumundan uzaqlaşdırılmalıdır. Buna münasibətinizi bilmək istərdik...


- Hər hansı bir insanın siyasi fəaliyyətinin qadağan olunması qanunla hesablanır. O cümlədən Ziyalılar Forumunun üzvü olaraq, başqa bir qurumda təmsil olunmasına qarşı qadağa qoyulması düzgün deyil.

Ziyalılar Forumu - yəni, biz böyük bir təşkilatıq. Ziyalılar Forumu olaraq, biz bütün Azərbaycan Ziyalılarına qucaq açmışıq. Özünü bizimlə birlikdə görən, özünü Azərbaycan ziyalısı hesab edən, ölkədə baş verən ictimai-siyasi proseslərə öz münasibətini bildirən, bir ziyalı olaraq, səsini ucaltmaq istəyən hər kəsə qapılarımız açıqdır.

Bilirsiniz ki, Ziyalılar Forumunda üzvlük yoxdur, vəsiqələr paylanmır. Heç kim Ziyalılar Forumuna qəbul edilib və forumdan çıxarılmır. Bu baxımdan Ziyalılar Forumunda olan şəxslərin başqa bir təşkilatda olub-olmamasına yasaq qoymaq mənə elə gəlir ki, mümkün olan iş deyil. Ziyalılar Forumunda hətta Yeni Azərbaycan Partiyasının üzvü olan insanlar da yer almışdı.

Onlar da bir ziyalı kimi gəlib Ziyalılar Forumunun tədbirlərində iştirak edib, öz fikirlərini səsləndiriblər. Bundan başqa, forumda müxalifət partiyalarında təmsil olunan şəxslər də yer alıb. Bu baxımdan Ziyalılar Forumu heç bir insana, onun siyasi əqidəsinə və siyasi mövqeyinə görə yasaq qoymur. Mən bu yasağı düzgün hesab etmirəm. Onda Əkrəm Əylisinin sözündən belə çıxır ki, hakimiyyətə müxalifyönümlü və hakimiyyəti tənqid edən insanlar orada olmamalıdır.

Milli Şura geniş formatdır. Məsələn mən heç bir müxalifət partiyasının üzvü deyiləm. Ziyalılar Forumunun bəzi üzvləri də eləcə...

Cəmil müəllim Milli Şuranın vahid namizədi olsa da bu günə kimi ziyalı missiyasını daşıyıb. Eyni zamanda bu sözləri Rüstəm İbrahimbəyova da aid etmək olar. Haqqı, ədaləti müdafiə edən, ölkədə baş verən proseslərə kənardan biganə qala bilməyən hər kəs Ziyalılar Forumunun üzvü ola bilər. Hətta bu gün Yeni Azərbaycan Partiyasının bir üzvü ölkədə baş verən hansısa problem qabardırsa, hansısa vəziyyətlə hesablaşmırsa o, da Ziyalılar Forumunun tribunasından tənqidi fikirlərini paylaşa bilər. Forum tamamilə başqa bir formatdır.

Milli Şura isə müəyyən siyasi hədəfləri olan, Azərbaycanda demokratiyaya dinc keçidi təmin etmək kimi qarşısına məqsəd qoyan təşkilatdır. Bu baxımdan hesab edirəm ki, nə Mili Şura, nə də Ziyalılar Forumunda üzvlük arasında heç bir ziddiyyət yoxdur. Eyni zamanda Milli Şuranın üzvü olan insanların Ziyalılar Forumundan çıxması fikri əsassızdır.

- Əgər Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, forumda iştirak etməsə, o zaman Ziyalılar Forumunun tamamilə yenidən qurulmasına ehtiyac ola bilərmi?


- Ziyalılar Forumu strukturlaşmış bir təşkilat deyil. Forumun hansısa rəsmi təchizatları yaranmayıb. Bu baxımdan strukturu olmayan bir forumun yenidən qurulması fikri heç nə ehtiva etmir. Ancaq onu da deməliyəm ki, Ziyalılar Forumunun 25 nəfərdən ibarət idarə heyəti var. Forumun üzvləri toplaşıb, hansısa qərarları verəcəksə, mən də Ziyalılar Forumunun bir üzvü kimi o qərarları dəstəkləyəcəm.

- Həmsədrlik İnstitutunun yaradılması üçün Milli Şuranın əsasnaməsinin dəyişdirilməsi məsələsi də müzakirə mövzusudur. Buna Sizin münasibətiniz necədir?


- Milli Şura ciddi bir təşkilatdır. Çox da ciddi fəaliyyət sərgiləyir. Təşkilatın fəaliyyətinin ayrı-ayrı mərhələlərində təbi ki, yeni qərarların qəbul edilməsi zərurəti meydana çıxır. Bu zərurətə müvafiq şəkildə də addımlar atılır. Bu gün Milli Şuranın əsasnaməsində hansısa bir dəyişiklik edilməsinə ehtiyac varsa, bu baxımdan qərar qəbul etmək qurumun səlahiyyətindədir. Milli Şura növbəti sessiyalarının birində bu məsələni üzvlərinin və sədrin təşəbbüsü ilə müzakirəyə çıxarar, istənilən qərarı qəbul edə bilər. Milli Şura üzvləri hesab etsə ki, əsasnamədə hansısa bir qərar dəyişilməlidir, bu səsvermə yolu ilə həyata keçəcək.

Bahar Rüstəmli
AzNews.az