Jurnalist: “MTN-də çalışmaq mənim üçün maraqlıdır“- Müsahibə

12 Noyabr 2013 14:04 (UTC+04:00)
"Kriminal sahəni ixtisasımla bağlı olduğu üçün seçmişəm"


Femida.az portalının yaratdığı "Müsahibə Klubu" facebook qrupunun növbəti qonağı Azəri-Press İnformasiya Agentliyinin (APA) istedadlı əməkdaşı, Azərbaycanın kriminal xəbər sahəsi üzrə ən opertiv jurnalistlərindən olan Hafiz Heydərovdur. Həmkarlarının Hafiz Heydərova ünvanlandığı maraqlı sualları və onun cavablarını diqqətinizə çatdırırıq:

Murad Əliyev: – Bu günədək yazdıqlarından ən çox səni təsirləndirən kriminal xəbər hansı olub?


- Belə hadisələr çox olub. Jurnalist fəaliyyətimə yeni başladığım dönəmlərdə belə hallarla daha çox qarşılaşırdım. APA-nın Şəki-Zaqatala bürosunda çalışdığım zaman Zaqatalada ağır yol qəzası baş vermişdi və həmin qəzada dörd nəfər həyatını itirmişdi. İlk dəfə idi ki, peşə fəaliyyətimlə əlaqədar belə bir kütləvi ölüm hadisəsi baş verən yerə gedirdim. Hadisə yerinə çatıb şəkil çəkməyə başlamışdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Qəzada ölənlərin şəklini çəkən zaman onlardan birinin mənim yaxından tanıdığım biri olduğunu gördüm. Dəhşətli mənzərə idi. O mənzərəni görəndən bir həftə özümə gələ bilmədim. Bundan başqa, ötən ilin noyabrında "Qafqazinfo.az" saytının əməkdaşı Sevincin və onun anasının qətli məni çox təsirləndirmişdi.

Mübariz Aslanov (APA): – Kriminal sahədə çalışan jurnalist kimi əməkdaşlıq daha çox hüquq-mühafizə orqanlarından keçir. Bir peşəkar jurnalist kimi, hansı hüquq-mühafizə orqanının mətbuatla təmasını, o cümlədən nəzərə alsaq ki, kriminal xəbərlər operativlik tələb edir, hansı qurumun mətbuatla təmasında operativliyini qənaətbəxş hesab edirsən?


- Düzünü desəm, heç bir mətbuat xidməti operativlik baxımından məni qane etmir. Təsəvvür edin ki, Bakının hansısa rayonunda hər hansı bir hadisə baş verəndə anında həmin rayonun polis idarəsinə və prokurorluğuna zəng edirəm. Əksər hallarda polis və prokurorluq hadisə təzə olduğu üçün bundan məlumatsız olurlar. Nəzərə alsaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bizim sorğumuza hadisə baş verən rayonun polis idarəsi və ya prokurorluğundan məlumat əldə edəndən sonra cavab verəcək, operativliyin hansı səviyyədə olduğunu özünüz müəyyən edin. Ona görə də biz işimizi mətbuat xidmətlərindən daha çox yerli polis və prokurorluq orqanları ilə qururuq. Yerli orqanlara məhdudiyyət qoyulmasa, işimiz daha rahat olar.

Fidan Əliyeva (Gün.az): – Kriminal xəbərləri yazarkən, nə vaxtsa kriminal hadisə ilə üzləşmisinizmi?


- Xeyr, şükürlər olsun ki, hələlik belə bir halla üzləşməmişəm.

Murad Əliyev: – Aydın məsələdir ki, bütün agentliklər, həmçinin sən də ötən günün kriminal xronikasını səhər tezdən alırsız. Nəticə etibarı ilə səhər bütün saytların xəbərləri asıb-kəsməklə başlayır – bu, oxucuya xoş maraqlı gəlsə belə, xoş təsir bağışlamır. Başa düşürəm, rəqabət
şəraitində xəbəri köhnəldib məsələn, günortadan sonra vermək olmaz. Səncə, bu problemi necə həll etmək olar ki, oxucular səhər tezdən kriminal xəbər yox, başqa yenilikləri oxusunlar?


- Bunun tək bir yolu var. Başqa sahədən yazan jurnalistlər axşamdan maraqlı xəbərlər tapıb səhər tezdən gündəmi zəbt etməlidir. Belə olsa kriminal xəbərlər də çox nəzərə çarpmaz. Səhər tezdən başqa sahələrdən yazan jurnalistlər passivlik nümayiş etdirdiyi üçün bütün saytlarda kriminal jurnalistlər meydan oxuyur. Hamı da elə bilir ki, ölkə dağılır (gülür).

Fərid Əkbərov (APA-nın Moskva müxbiri): – Hafiz, qələmini ən çox bəyəndiyin kriminal jurnalist kimdir və ya kim olub?


- Qələminə böyük hörmətlə yanaşdığım və yazılarını bəyəndiyim yeganə kriminal jurnalist Əyyub Kərimovdur. Sən də yaxşı başlamışdın, heyf ki bu aləmdən tez uzaqlaşdın.

Mübariz Aslanov (APA): – Kriminal və jurnalistika baxımından elə bir maraqlı, cəlbedici xəbər olubmu ki, bu və digər səbəblər üzündən yazmağa əlin gəlməyib?


- Çox olub. Adətən elə olan halda ürəyimi kiməsə boşaldıram.

Fərid Əkbərov (APA-nın Moskva müxbiri): – Hafiz, hüquq-mühafizə orqanlarından birinə (Baş Prokurorluq və ya DİN) mətbuat katibi vəzifəsini təklif etsələr, qəbul edərsənmi?

- Niyə də yox? Əlbəttə edərəm (gülür)

Sevinc İltifatqızı (Azvision.az): – Elə bir xəbər olub ki, onu almısan, amma bir insan kimi onu yazmağa ürəyin gəlməyib? Yəni vətəndaş mövqeyin peşənə üstün gəlib…


- Yox, olmayıb. Mən xəbərdən vaz keçə bilmirəm. Tapdığım xəbəri yazmasam, yaza bilmirəmsə onu kiminləsə bölüşməsəm ürəyim partlayar.

Elnur Məmmədli (Qafqazinfo.az): – Sənin fikrincə Azərbaycanda azad media varmı?


- Azad media mövzusu hər zaman, hər bir ölkədə müzakirə mövzusu olub və bundan sonra da olacaq. Bir çox ölkələrə baxanda bizdə media kifayət qədər azaddır.

Fərid Əkbərov (APA-nın Moskva müxbiri): – Fikrimcə, ən çox xəbər köçürmək, xəbər oğurluğu kriminal sahədən yazan müxbirlərlə bağlı olur. Sənin xəbərlərini də çox oğurlayıb, öz adlarına çıxıblar. Onlara peşəkar kriminal müxbir kimi nə məsləhət görərdin?


-Bu mənim ən yaralı yerimdir. Bilirsiz niyə? Bəzən elə olub ki, bir xəbəri dəqiqləşdirib ərsəyə gətirməyə üç-dörd gün vaxt sərf etmişəm. Yazı saytda gedəndən 5 dəqiqə sonra baxmışam ki, hansısa bir sayt mənim xəbərimi nöqtə-vergülünü də dəyişmədən istinadsız verib. Jurnalist həmin vaxt özünü sadəcə alçalmış hesab edir. Belə olmaz. Bunu edən həmkarlarımı özlərinə və peşələrinə hörmət etməyə çağırıram.

Vəfa Şəhlayi (ANS TV): – Bizim bir hüquq müəllimimiz var idi, əsəbiləşəndə oğru jarqonunda danışırdı. Sizdə də olur?


-Yox, mən oğrulardan yazsam da, oğru jarqonundan heç vaxt istifadə etmirəm…

Elnur Məmmədli (Qafqazinfo.az): – Yaza bilmədiyin xəbərləri nə edirsən?


-Facebookda və dost həmkarlarımla paylaşıram.

Pərvin Abbasov (Femida.az): – Çox maraqlı bir xəbərini başqa sayt, yaxud jurnalist oğurlayıb öz adından təqdim edəndə hansı hislər keçirirsən və bu zaman nə edirsən?


-Fərid Əkbərovun sualına cavabımda bunu dedim, bir daha deyirəm, xəbəri oğurlanan jurnalisti təhqir olunmuş hesab edirəm. Hansısa saytda hər hansı xəbəri görüb onu araşdırıb, yeni bir formatda yazmaq hər bir jurnalistin haqqıdır. Lakin nöqtə-vergülünü dəyişmədən, kiminsə xəbərini olduğu kimi "copy-past" etmək tərbiyəsizlikdir.

Belə halla qarşılaşdığımda birinci həmin jurnalistin redaktoru ilə danışıb vəziyyəti izah ona edirəm. Görsəm ki, nəticə çıxarmırlar bu zaman onu sosial şəbəkələrdə ifşa edirəm.

Sevinc İltifatqızı (Azvision.az): – Məlumdur ki, jurnalistlərin çoxu bir müddət keçdikdən sonra ya redaktor keçir ya da mətbuat xidmətlərinə. Sən bunlardan hansını istəyərsən?


-Mən hələlik xəbər tapıb yazmaqdan usanmamışam. Gələcəkdə belə bir şans düşərsə deyim ki, hər ikisinin öhdəsindən gəlməyi bacararam (gülür).

Seymur Qasımbəyli (Ictnews.az): – O gün (yüksəliş günü) çox uzaqdadır?


-Yüksəlişin bir addımlığındayıq, az qalıb…

İlkin Əhmədov ("İnterfaks-Azərbaycan"): – Mənim Hafizlə şəxsi münasibətim yoxdur, amma eşitmişəm ki, kriminal xəbər sahəsinin "as"-larındandır. Nəzərə alsaq ki, kriminal sahədən yazır, Ramil Usubov və Zakir Qaralovla eksklüziv müsahibə almaq şansı yaransa, hansı qeyrı-rəsmi sualları vermək ürəyindən keçər?

-Hər ikisindən mobil telefon nömrələrini soruşardım.

Azər Mustafayev (jurnalist): – Kriminal sahəni hansı səbəbdən seçmisən?


- Kriminal sahəni mənim ixtisasımla bağlı olduğu üçün seçmişəm.

Vasif Həsənli (Publika.az): – Hafiz, kriminal aləmlə əlaqələrin varmı?


-Bəli, var. Səbəbini də deyim ki, başqa şeylər ağlınıza gəlməsin (gülür). Kriminal aləmdə nüfuz sahibi olan şəxslərlə daim əlaqə yaratmağa can atmışam. Bilirsiniz ki, oğru dünyasının tanınmış simalarından – tanınmış avtoritetlər – müsahibə götürmək jurnalist üçün çox çətin məsələdir. Lakin mümkündür. Mən də bir jurnalist kimi hər zaman buna cəhd edirəm.

Simnarə Həmidqızı (Space TV) – İndiyə qədər yazdığınız xəbərlər arasında eləsi olubmu ki, dəhşətli bir hadisə olsun, lakin o xəbəri əldə etdiyinizə görə sevinəsiniz?


- Bəli, olub. Deyəsən bu halla sən də qarşılaşmısan… Mən istənilən xəbəri tapanda çox sevinirəm. Hesab edirəm ki, əgər jurnalist xəbəri tapanda sevinmirsə – dəhşətli oldu-olmadı – o jurnalist deyil!

Pərvin Abbasov (Femida.az): – Sənə yaxın olan biri ilə bağlı kriminal xəbər yazmısanmı?


-Bəli, yazmışam. Bir neçə il əvvəl çox yaxın bir adamın ölüm xəbərini eşitdim. Faciəli ölüm idi. Mən peşəmə sadiq qalıb, ilk öncə onun xəbərini yazdım və sonra onun dəfninə getdim.

Azər Mustafayev (jurnalist): – Yazdığın xəbərləri oxuyanda sənə necə təsir edir? Təbii ki, bu qətl və ya uşaqlara aid olduqda...


- Kənardan bir oxucu kimi baxanda istənilən hadisə ilə bağlı xəbər ona pis təsir edə, hisslərinə toxuna bilər. Lakin unutmamalıyıq ki, yaxşı-pis xəbər anlayışı yoxdur. Xəbər xəbərdir. O xəbərləri tapıb yazan jurnalist isə gərək peşəsini hissləri ilə qarışdırmasın. Qarışdırdısa onun üçün çətin olacaq. Şəxsən mən ən ağır hadisəyə belə soyuqqanlı yanaşıram. Əks təqdirdə bu sahədə işləyə bilmərəm.

Azər Mustafayev (jurnalist): – Xəbəri necə əldə edirsən?

- Xəbəri necə əldə etdiyimi açıqlaya bilmərəm. Qoy sirr olaraq qalsın (gülür).

Azər Mustafayev (jurnalist): – Daha hansı sahə sənə işləmək üçün maraqlıdır?


- Milli Təhlükəsizlik Nazirliyi, Polis və Prokurorluq orqanlarında çalışmaq mənim üçün maraqlıdır.

AzNews.az