İlham Əliyev: “Bu ədalətsizliklə barışmaq mümkün deyil”

12 Noyabr 2013 17:39 (UTC+04:00)
"Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində Türkiyə dövləti daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır". APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Abdulla Güllə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident İ. Əliyev xatırladıb ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur: "Azərbaycan məsələnin həlli istiqamətində öz səylərini davam etdirir. Ancaq Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu ədalətsizliklə barışmaq mümkün deyil. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır, biz bu dəstəyə görə minnətdarıq".

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi məsələlərin də müzakirə olunduğunu söyləyən prezident qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri, onların hər biri böyük bir hadisədir. O bildirib ki, bu gün Azərbaycanın xaricdəki ən böyük sərmayələri Türkiyəyə yatırılıb: "Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaq. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və iş adamları arasındakı əlaqələri dəstəkləyirik".

Dövlət başçısı bəyan edib ki, Türkiyə nəinki bölgə məsələləri, eləcə də dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır: "Bu, bizi sevindirir, bizi ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq. Prezident seçkilərindən sonra ilk səfərimi Türkiyəyə edirəm. Bu, təbiidir və artıq bir ənənədir. Əminəm ki, gələcəkdə də bu ənənə yaşayacaq. Bizim gücümüz birliyimizdədir, bizim birliyimiz tarix üzərində qurulub. Bu gün iki müstəqil dövlət, Türkiyə ilə Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin gücünü artırır və əminəm ki, gələcəkdə bizim işbirliyimiz, əməkdaşlığımız yüksələn xətlə inkişaf edəcək".

AzNews.az