Obama sanksiyaların müddətini daha bir il uzatdı

13 Noyabr 2013 11:05 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama 1979-cu ildən İrana qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il uzadıb.

B. Obamanın qərarı texniki xarakter daşıyır. ABŞ prezidenti hər il bu sənədin müddətini uzadır.

Qeyd edək ki, ABŞ İrana qarşı 1979-cu il noyabrın 14-dən bəri sanksiyalar tətbiq edir. ABŞ prezidenti Cimmi Karter tərəfindən tətbiq olunmuş sanksiyalara və diplomatik münasibətlərin pozulmasına səbəb ABŞ-ın İrandakı səfirliyinin tutulması və diplomatik korpusun əməkdaşlarının 444 gün girov saxlanılması olub.

Bu sanksiyalar ABŞ-dan İrana qida və dərman preparatları daxil olmaqla bir necə malların ixracını, eləcə də İrandan ABŞ-a hər hansı malların idxalını qadağan edir. 1981-ci il yanvarın 19-da Əlcəzair hökumətinin vasitəçiliyi ilə ABŞ-la İran arasında "Əlcəzair sazişi" adlanan sənəd də imzalanıb. Saziş İranın girov saxladığı amerikalılarla bağlı böhranın aradan qaldırılmasını, həmçinin ABŞ və İranın münasibətlərinin nizama salınması üçün bəzi əsas prinsipləri nəzərdə tuturdu. Eləcə də ABŞ İranın daxili işlərinə müdaxilə etməyəcəyini, dondurulmuş bank hesablarını açacağını, İran isə ABŞ-a xarici borclarını ödəyəcəyini vəd etmişdi. ABŞ hesab edir ki, İran bu sazişə əməl etmir, habelə dünyanı təhlükə qarşısında qoyan nüvə silahı istehsal edir. ABŞ-ın sanksiyaları ilə yanaşı, İrana münasibətdə beynəlxalq sanksiyalar da qüvvədədir.(apa)