Milli Məclisdə qiymət artımı müzakirəsi

13 Noyabr 2013 13:20 (UTC+04:00)

"Azərbaycanda yeni iqtisadi doktrina qəbul edilməlidir".


AzNews.az-ın məlumatına görə, bunu Milli Məclis 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat İqbal Ağazadə deyib.

Əməkhaqqı və əhalinin gəlirləri məsələsinə toxunan deputat qeyd edib ki, dövlət orqanlarında orta əməkhaqqı 332, özəl sektorda 496, qeyri-neft sektorunda 367, neft sahəsində 1413 manat təşkil edir.

İ.Ağazadə bildirib ki, əhalinin 46 faizi dağ kəndlərində yaşayır, amma ixracın çox böyük hissəsi neftin üzərində durur:

"Bu da işsizliyin aradan qaldırılması baxımından ümidli bir şey vəd etmir. İxrac əməliyyatlarında özəl şirkətlərin payı 5 faizə düşür. Əslində dövlət ixrac potensialını öz əlində saxlayır və özəl sektorun inkişafı deyildiyi kimi deyil. İdxal əməliyyatında isə özəl şirkətlərin payı 74 faizdir. Bu bilavasitə ölkənin ərzaq təhlükəsizliyi ilə bağlıdır. Hökumət daxili bazarın tənzimlənməsi haqda ciddi düşünməlidir".

İqbal Ağazadə əlavə edib ki, maliyyə nazirinin qiymət artımı ilə bağlı anonsları olub:

"Bu, əhalini ciddi narahat edir. Bu ehtiyac haradan yaranıb? Nəyə görə işığın, qazın, suyun qiyməti qalxmalıdır? 1 kilovat elektrik enerjisi 4,2 qəpiyə başa gəlir və 6 qəpiyə satılır. Əhalinin vəziyyəti o həddə deyil ki, qiymət artımına uyğun ödəmə qabiliyyəti olsun. Kommunal xidmətlərin artması ərzağın və gündəlik tələbat mallarının 70 faiz qalxması deməkdir. Əməkhaqqının artımı isə 10-15 faizdən o yana keçmir. Belə hallarda hökumət əhalinin vəziyyətini düşünüb qiymət artımına getməməlidir".

AzNews.az