Qanunların icrası ilə bağlı xüsusi qurum yaradılsın- Təklif

13 Noyabr 2013 15:23 (UTC+04:00)
Bakı şəhərinin lift sistemi hazırda olduqca bərbad vəziyyətdədir. "APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Elmira Axundova bildirib: "Dövlət başçısının buna vəsait ayırmasına baxmayaraq, proses olduqca ləng gedir".

Onun sözlərinə görə, bu gün Azərbaycanda qanunların icrası mexanizmi zəifdir: "Təklif edərdim ki, Milli Məclisin və ya Nazirlər Kabinetinin tərkibində qanunların icrası ilə bağlı bir qurum, komissiya yaradılsın və bununla bağlı hesabat verilsin. Təəssüflər olsun ki, bu gün ölkədə hələ də qanunların icrasını həyata keçirməyən və ya keçirmək istəməyən məmurlar, qurumlar və vətəndaşlar var".

Parlamentin spikeri Oqtay Əsədov isə buna etiraz edərək analoji komissiyanın yaradılmasını vacib saymadığını vurğulayıb. MM sədri qeyd edib ki, bu gün Azərbaycanda qanunverici orqan olan Milli Məclis, qanunların icra edən Nazirlər Kabineti var və hər hansı əlavə qurumun və ya komissiyanın yaradılmasına ehtiyac yoxdur: "Sadəcə, qanunların işləməsi üçün hər kəs öz işi ilə məşğul olmalıdır".

AzNews.az