Çörəkbişirmə sexi bağlandı - Ucarda

13 Noyabr 2013 17:05 (UTC+04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti tərəfindən Ucar rayonunda fəaliyyət göstərən çörək bişirmə və şirniyyat sexlərində, dönərxanalarda reyd keçirilib.

AzNews.az xəbər verir ki, Ucar şəhəri Heydər Əliyev prospekti 21 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Elxan Qurbanova məxsus çörəkbişirmə sexində dövlət nəzarəti aparılıb.

Reyd zamanı müəssisənin qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərdiyi, çörəkbişirmə sexində gigiyena və sanitar norma və qaydalara əməl olunmadığı, istehsalda tələb olunan uyğunluq və gigiyenik sertifikatların olmadığı müəyyən olunub. Orada ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunduğu aşkarlanıb. Yoxlama zamanı müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab vermədiyi aşkarlanıb. Sexdə xammalın-unun, duzun, yağın saxlanma şəraitində nöqsanlar aşkar edilib. İstehsal prosesində natəmizlik qeydə alınıb. Müəssisədə su filtirizasiyadan keçirilmədən birbaşa istehsalatda istifadə olunur. Bişirilmiş çörəyin saxlanılmasında və satış üçün daşınmasında normativ tələblər qorunmur.

Mütəxəssislərin sözlərinə, görə çörək rəflərə yığılmır və üstü örtülmür. Çörək natəmiz şəkildə saxlanılan minik maşının oturacağının üstündə və yük yerində daşınır.
Aşkar olunan nöqsanlara görə fiziki şəxs Elxan Qurbanovun rəhbərlik etdiyi müəssisədə çörək istehsalı və satışı qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti tərəfindən həmin çörəkbişirmə sexinə iradnamə və tələbnamə verilib, inzibati xəta haqqında protokol tərtib olunaraq çörəyin istehsalı və satışı dayandırılıb. Sonra istehsal müəssisəsinin qapısına onun bağlanması haqqında qadağa işarəsi vurulub və möhürlənib.

Müəssisəni 1500 manatdan 2000 manatadək cərimə gözləyir. Əgər müəssisə aşkar edilən nöqsanları aradan qaldırmadan qeyr-qanuni şəkildə fəaliyyətə başlayarsa yenidən cərimə ediləcək.

Müəssisə rəhbərliyi nöqsanları aradan qaldırdıqdan sonra yenidən fəaliyyətə başlaya biləcək. Daha sonra Xidmət tərəfindən Ucar şəhərində şirniyyat sexində və dönərxanada reyd keçirilib və orada aşkar edilən nöqsanların aradan qaldırılması üçün sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib. Rayonda bu cür müəssisələrdə reydlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

AzNews.az