Şarl Aznavur rüşvət verdiyini etiraf edib

13 Noyabr 2013 18:39 (UTC+04:00)

Fransanın erməni əsilli məşhur müğənnisi Şarl Aznavur Fransada vergilərdən yayınmaq üçün bir çox siyasətçilərə rüşvət verdiyini deyib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Fransanın "France info" radiosuna müsahibəsində Ş. Aznavur müğənni kimi fəaliyyəti dövründə sağ, sol və mərkəzçi partiyaların bir çox üzvlərinə nəğd pul verməklə onların seçki kampaniyalarını maliyyələşdirdiyini söyləyib. Bunun müqabilində o, sonradan həmin siyasətçilərin yardımı ilə vergilərdən yayınırmış: "Vəkil xərcləri çox baha başa gəlirdi, amma bundan da betər hallar olub. Bəzi siyasət adamları var idi ki, mənim problemlərimi həll etməyə qadir idilər. Mən onların seçki kampaniyaları üçün pul köçürürdüm, xüsusən də afişaların hazırlanması üçün. Bir çox siyasətçilərlə iş görmüşəm. Bu, mənə çox baha başa gəlib. Bütün siyasi düşərgələrdən olanlar var idi: sağ, sol və hətta mərkəzçi partiyalardan".

Bir neçə ildir ki, İsveçrədə yaşayan 89 yaşlı Şarl Aznavur bildirib ki, onu Fransanı tərk etməyə məcbur ediblər.

Hazırda Fransa mətbuatı bu olayı araşdırır və Aznavurdan pul alan siyasətçilərin kim olduğu istiqamətində araşdırma aparır.

AzNews.az