Mənzildə meyit aşkarlandı

13 Noyabr 2013 20:45 (UTC+04:00)
Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb. AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olub. Mənzilə baxış keçirilərkən şəxsiyyəti məlum olmayan yaşlı qadın otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində həmin şəxsin vəfat etdiyi müəyyən edilib. Həmin şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

AzNews.az