Səfər Əbiyevin 7 ay əvvəl təyin etdiyi polkovnik işdən çıxarıldı - ÖZƏL

14 Noyabr 2013 08:55 (UTC+04:00)
Müdafiə Nazirliyində kadr dəyişiklikləri ara vermir.

Nazir Zakir Həsənov bu dəfə Təlim-Tədris Mərkəzinin rəhbəri Şəmsəddin Abuşovu vəzifəsindən azad edib.

Onun yerinə isə Beyləqan briqadasının komandiri Nazim Əlibəyov təyin olunub.

Qeyd edək ki, polkovnik Ş. Abuşov 2013-cü il iyulun 23-də bu vəzifəyə təyin olunmuşdu. Bu zamana qədər isə o, Beyləqan korpusunun qərargah rəisi olub. 2009-cu ilə kimi Təlim-Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb.

2009-cu ildə L. Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra Ş.Abuşovun təyinatına qədər bu vəzifəni Təlim- Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib.

Ş.Abuşovun 7 ay əvvəl təyin olunduğu vəzifədən azad edilməsi hər kəs üçün gözlənilməz olub. Belə ki, Səfər Əbiyevin nazirliyə rəhbərliyi dönəmində o, heç bir qruplaşmada iştirak etməməsi ilə fərqlənib.

Eyni zamanda Təlim-Tədris Mərkəzinin rəhbəri kimi adı heç bir rüşvət və ya digər qalmaqallarda hallandırılmayıb. Ş.Abuşova yaxın zamanda general rütbəsinin veriləcəyi gözlənildiyi bir zamanda, yeni nazirin kadr dəyişikliyi təəccüblə qarşılanıb. Bununla belə fəaliyyəti nəzərə alınaraq Şəmsəddin Abuşovun yaxın zamanda başqa vəzifəyə təyinatı gözlənilir.

Azər
AzNews.az