“Təklifim nazirlərin savaşı kimi təqdim edilir“- Çingiz Qənizadə

14 Noyabr 2013 10:26 (UTC+04:00)


"Mən həqiqətən də Nəqliyyat Nazirliyinin nəzdində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətini tənqid etmişəm. Şəhərdə tıxac probleminə səbəb olan faktlardan biri də işıqforların bəzən işləməməsi, bəzən də tez yanıb sönməsi, bəzi yerlərdə isə ehtiyac olmadan işıqforun sarı işığının aramsız olaraq yanıb sönməsini tez və operativ tənzimləmək üçün işıqforlara nəzarət və tənzimləməni Dövlət Yol Polisinə tabe olunmasını təklif etmişəm" .

Bu açıqlamanı millət vəkili Çingiz Qənizadə mətbuata verdiyi son açıqlamaların anlaşılmaz qarşılanmasına aydınlıq gətirib.

Deputat bildirib ki, qeyd etdiyi işıqfor problemi ilə əlaqədar DYP əməkdaşlarının nə qədər əziyyət çəkdiklərinin şahidi olmaq mümkündür: "Bu mənim təklifimdir və inanıram ki, müvafiq qurumlar bu təklifi müzakirə edəcəklər. Amma çox təəssüf ki, bəzi mətbuat orqanları mənim təklifimi iki nazirlik arasında gedən səlahiyyət savaşı kimi təqdim etməklə məsələni başqa səmtə yönəltməyə üstünlük veriblər.

Qeyd etmək istəyirəm ki, mənim təklifimlə bağlı hər iki nazirlik yalnız mənim mətbuatda çıxışımdan sonra məlumatlı olub.

Millət vəkilinin şəxsi fikirlərini nazirliklərarası səlahiyyət davası kimi təqdim etməklə əslində mətbuat mövzunu hamımızın yaşadığı tıxac probleminin həlli yollarından başqa səmtə çevirməklə bu problemin həlli yollarının tapılmasına mane olur".

AzNews.az