Bakı Uşaq Teatrı Türkiyəyə gedir

7 Avqust 2012 12:03 (UTC+04:00)

Bakı Uşaq Teatrı Türkiyəyə səfərə hazırlaşır. Bu barədə "AzNews.az"a teatrın direktoru İntiqam Soltan məlumat verib. Direktorun sözlərinə görə, sözügedən səfər ramazan bayramı ilə əlaqədardır. "Ramazan bayramı ərəfəsinə təsadüf edən bu səfər Türkiyənin Girəsun şəhərinədir. Biz orada xüsusi bir tamaşa ilə çıxış etməyəcəyik. Teatrın yaradıcı qrupu Girəsun səhnəsində ayrı-ayrı repvizitlər, səhnəciklər və musiqi nömrələri ilə çıxış edəcək. Səfər çərçivəsində həmçinin üç ölkə-Azərbaycan, Türkiyə və Gürcüstan ölkələrinin uşaq teatr rəhbərlərinin görüşü olacaq. Bu görüşdə məqsəd sentyabr ayında Türkiyədə keçiriləcək böyük bir teatr festivalına hazırlıq işlərini müzakirə etməkdir". Avqustun 14-də başlayan səfər 19-da sona çatacaq.

Lalə
AzNews.az