Deputatlardan imtiyaz tələbi– Milli Məclis

14 Noyabr 2013 14:06 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədr müavini Bahar Muradova deputatlara əlavə imtiyazların verilməsi barədə çıxış edib. Vitse-spiker qeyd edib ki, Milli Məclisin balansında olan ofisləri olmalıdır:

"İcra orqanlarının deputatları xidməti telefonla təmin etməsi lazımdır. Bəziləri deyə bilər ki, millət vəkilləri tutduğu vəzifəyə görə imkanları var. Onlar özləri bunu həll edə bilərlər. Təklif edirəm ki, icra hakimiyyəti orqanları vasitəsi ilə razılaşdırılmış mülkiyyəti olmalıdır. Deputatın yerlərdə ofisi olmalıdır. Bu gün rayonlarda inkişaf var. Bunu həyata keçirmək olar. Hər bir deputat üçün hər bir regionda ofis tikilsin və bu da hökümətin dəstəyi ilə reallaşsın".

O, qarşıdakı illərdə bunun həyata keçirilməsinin mümkünlüyü haqda da danışıb:

"Ən azı 2015-ci il seçilən deputatların regionlarda işləməsi üçün belə şərait yaradıla bilər. Eyni zamanda ofislərdə personalın saxlanması, dəftərxana işləri və sairə. Burada söhbət müavinətin artırılmasından söhbət mövzusu deyil. Sadəcə müavinətin necə xərclənməsinin hesabatlılığını təmin edilməlidir".

B. Muradova qeyd edib ki, millət vəkilinin maşını yoxdur, varsa o sürücü tutmalıdır: "Bizə xidmət edən sürücülərin sosial hüquqları pozulur. Sosial ödəmələr həyata keçirilmir, bu insanın gələcək pensiya məsələsi, sığöortası həyata keçirilmir. Bütün bunlar problemdir. Bu problemi həll etmək laızmdır. Bizim qərargahların şəxsi və ya digər qurumlara aid olması bizim yerlərdə nüfuzumuza da ziyan vurur.

Gənclər mərkəzində olan deputat ofisini sabah digər yerə köçürülür. Bütün nömərlər üzrə telefon danışığı ödənilir deputatın otağının telefonu ödənilmir. Bəzən deputatın köməkçisi əşyaları qoltuğunda küçələrdə gəzir. Bu neçə il ərzində seçicilərin problemi, Azərbaycanla bağlı beynəlxalq miqyasda işlər görürüksə özümüzün probleminmizi həll edə bilmərik? Bizim köməkçimiz yalnız maaş alır, onun da nəqliyyat problemi var. Onun kəndlə Bakı arasında xərclərini özü ödəyir və ya bizim köməkliyimizlə bunu edir. Bunun isə hüquqi əsasları yoxdur. Ölkə rəhbərliyinə, maliyyə nazirliyinə müraciət ünvanlayaraq qarşıdakı illərdə bu problemi həll etməyi rica edirəm".

Deputat Elmira Axundova həmkarının dediklərini təsdiqləyib: "Biz hər zaman həkimlərin, müəllimlərin maaşından danışırıq. Amma Milli Məclisin əməkdaşlarının əmək haqqından danışılmır, bundan utanırıq. Bu dediklərim deputat köməkçilərinə də aiddir. Biz onları işə götürərkən diqqətlə araşdırırıq. Onların çoxu yüksək təhsillidirlər, hətta içərilərində professor elmi dərəcəsi olanlar da var. Bahar xanımın dediklərinə qoşularaq və irəli gedərək deyirəm ki, deputat köməkçilərinə xüsusi status veriləmlidir. Təklif edirəm ki, həmin bu 5 li onlara dövlət qulluqçusu statusu verilsin və bu məsələyə gələn il baxaq".

Millət vəkil Fazil Mustafa qeyd edib ki, yerlərdə deputat ofislərinin olmaması problemlər yaradır. Bir çox hallarda biz seçiciləri Milli Məclisin qəbul otağına çağırırıq. Bu isə uzun yol qət edilməsi deməkdir.

Deputat sürücüləri məsələsinə də münasibət bildirən F. Mustafa deyib ki, şəxsi avtomobilini özü idarə edir: "Lakin sürücüsü olan deputatların bu işçilərinə heç pensiya da yazılmır. Onların gələcəyi bəs necə olacaq? Onların da hüquqlarını müdafiə etməliyik".

AzNews.az