Aşura günü ilə bağlı Rəsmi açıqlama

14 Noyabr 2013 16:11 (UTC+04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü ilə bağlı məlumat yayıb.


Dövlət Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, məlumatda bildirilib ki, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib. Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina ediblər. Son illər kök salmış ənənəyə uyğun olaraq bu il də Aşura günü ölkənin 20-yə yaxın iri şəhər və rayonunda Aşura günü təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında minlərlə insan iştirak edib.

Məlumatda o da qeyd edilib ki, əhalinin və dindarların təhlükəsizliyi, ictimai aşayişin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasında göstərilmiş müvafiq tövsiyələrə uyğun olaraq əzadarlıq mərasimlərinin yalnız məscid və ziyarətgahların ərazisi daxilində keçirilməsi, küçə yürüşlərinə yol verilməməsi məqsədəuyğun sayılıb.

Ümumilikdə Aşura mərasimləri insidentsiz baş tutub. Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla mütamadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Dövlət Komitəsinin əməkdaşlarının respublika üzrə apardıqları müşahidələrin nəticəsi olaraq bildirilir ki, Aşura mərasimləri Kərbəla şəhidlərinin etiramına layiq şəkildə keçirilib, hər hansı ciddi insident baş verməyib.

AzNews.az