Məktəbli qızı zorlanan ana: “Şikayətimə baxan yoxdur”

15 Noyabr 2013 13:11 (UTC+04:00)

Zərdab Rayonunun Alıcanlı kəndində məktəbli qızın zorlanması və dünyaya uşaq gətirməsi hadisəsi ilə bağlı açılan cinayət işinin üstündən 9 ay keçir. Amma hələ də bu cinayət işi məhkəməyə göndərilməyib.

Məktəbli qızın anası Könül İsmayılova AzNews.az-a açıqlamasında deyib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəhbərliyi bu cinayət hadisəsini bilərəkdən ört-basdır etməyə çalışır:

"Mənə o idarədən dəfələrlə "iş gedir" deyə məktub yazılıb. Hanı? 9 ayda bu iş yekunlaşmadı? Mənim sözümü eşidən yoxdur. Mən rayonda eşidirəm ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin nümayəndələri Zərdaba gəlib. İdarə Zərdab rəhbərliyilə anlaşıb. Ona görə də mənim şikayətimə baxan yoxdur. 4 övladım var.

Əgər mənim işimə baxmasalar, bu cinayətkar həbs olunmasa, mən Azərbaycanı tərk edəcəm, başqa bir ölkədən sığınacaq istəyəcəm. Ölkə başçısı İlham Əliyevdən kömək istəyirəm. Hörmətli prezident, mən anayam, qızımı gözümün qarşısında bədbəxt ediblər. Bu boyda cinayəti rayon rəhbərliyinin göstərişi ilə Baş Prokurorluq ört-basdır etmək istəyir".

Azərbaycan Uşaqlar birliyinin sədri Kamalə Ağayeva da cinayətin istintaq prosesindən narazıdır:

"Mən idarənin rəisi Eldar Əhmədova məktub ünvanladım. Bildirdim ki, iş üzrə cinayət işinin qaldırılması məqsədilə tərəfimizdən göstərilən təşəbbüs nəticəsində Əminəni zorlayan əmisi oğlu barəsində cinayət işi qaldırılıb və cinayət işi materialları ilə birlikdə 2013-cü ilin mart ayında araşdırılması üçün Azərbaycan Respublikası Baş prokurorluğu yanında Ağır cinayətlərə dair istintaq idarəsinə göndərilib. İşin ilkin istintaqını idarədə müstəntiq Murad Əliyev aparıb.

Sonradan onun məzuniyyətə getməsi ilə əlaqədar iş Vüsal adlı müstəntiqə verilib. İndi isə eşitmişik ki, həmin Vüsal həbs olunub və iş başqa birisinə verilib. İşin icraata götürülərək istintaqının aparılmasından 8 aya qədər bir müddət keçməsinə baxmayaraq, bu günə kimi istintaqın gedişi və hansı istintaq hərəkətlərinin aparılması barədə tərəflərə heç bir məlumat verilməyib".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirdi ki, qeyd edilən cinayət işi üzrə icraatın guya dayandırılması və ya ona xitam verilməsi ilə bağlı informasiyalar həqiqəti əks etdirmir: "Hazırda həmin iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir".

Elvin
AzNews.az