Azərbaycanda daha bir qəzet bağlanmaq təhlükəsində

15 Noyabr 2013 13:34 (UTC+04:00)

"Reytinq"də "1000 etibarlı Oxucu" kampaniyası


"Reytinq" qəzeti "1000 etibarlı Oxucu" kampaniyasına başlayıb.

Qəzetdən AzNews.az-a verilən məlumata görə, buna səbəb mətbuat orqanının satışında problemin yaranmasıdır:

" "Reytinq" qəzeti 14 illik tarixinin ən ağır dönəmlərindən birini yaşayır. Qəzet faktiki olaraq bağlanmaq təhlükəsiylə üzləşib. Əsas səbəb Bakıda ən çox qəzet satan "Qasid" firmasının 200-dən çox köşklərinin yığışdırılması və metro keçidlərində qəzet satışının qadağan edilməsidir. Bundan əlavə, şəhərin hər addımbaşı rast gəlinən yeni "press köşk"lər də şənbə-bazar günləri işləməməmsidir".

Açıqlamada bildirilib ki, bütün bunlar qəzetin fəaliyyətini çox ciddi şəkildə məhdudlaşdırıb:

"Odur ki, ən ağır dövrlərimizdə olduğu kimi, yenə də Sizə üz tuturuq. "Reytinq" qəzeti ilkin mərhələdə "1000 etibarlı Oxucu" kampaniyası çərçivəsində yeni bir prosesə start verib. Sizlərdən xahiş edirik, qəzetimizə abunə yazılın! Qəzetin illik abunə haqqı 19 manatdan çox deyil".

Bahar
AzNews.az