AMEA-nın tibbi, ticarət və istirahət mərkəzləri olacaq

15 Noyabr 2013 13:42 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində tibbi, ticarət və istirahət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev akademiyanın Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil problemlərinin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin yaradılması da planlaşdırılır. F.Abdullayev bu istiqamətdə mövcud problemlərin kollektiv həllinin zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, iclasda Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının iclasının Bakıda keçirilməsi təklif olunub.

AzNews.az