Ukraynada millətlər ittifaqının rəhbəri azərbaycanlı olub

15 Noyabr 2013 21:05 (UTC+04:00)

Leonid Kravçuk: "Ukrayna dövlətinin inkişafında azsaylı millətlərin rolu az deyil"

Bu gün Kiyevdə yeni yaradılan Ukrayna Millətlər Assambleyasının (UMA) təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda dövlət və hökumət rəsmiləri, deputatlar, Ukraynada fəaliyyət göstərən bir çox xalqların təmsil olunduğu cəmiyyət sədrləri, Ukraynanın ilk prezidenti, MDB-nin təsisçilərindən olan Leonid Kravçuk, ölkənin tanınmış ictimai və siyasi xadimləri, xarici diplomatik korpusların nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

Tədbir zamanı bildirilib ki, təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan digər xalqların cəmiyyətləri birləşir.

Tədbirdə Ukrayna Millətlər Assambleyasına president, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təqdim olunub.

R. Tağıyev qədim tarixə malik olan Ukraynada uzun əsrlərdən bəri yaşayan bir çox xalqların nümayəndələrinin ölkənin tamhüquqlu üzvləri kimi Ukraynanın inkişafında ciddi rol oynadığını bildirib. Müstəqil Ukrayna dövlətinin qurulmasında, bu ölkədə çoxsahəli islahatların həyata keçirilməsində ölkədə yaşayan azsaylı xalqların yaxından iştirak etdiyini deyən R Tağıyev ətrafında onlarca millətlərin icmalarını birləşdirən Ukrayna Millətlər Assambleyasının qarşısında duran vəzifələrdən danışıb. O, təşkilatın Ukraynada yaşayan millətlərin tolerantlıq prinspinin güclənməsinə, mövcud problemlərin həllinə və sair məsələlərə xidmət edəcəyini bildirib.

Ukraynanın ilk prezidenti L.Kravçuk isə deyib ki, Ukrayna dövlətinin yaranmasında və mövcudluğunda burada yaşayan etnik xalqların rolu az deyil. O qeyd edib ki, bundan sonra da Ukraynanın dövlət kimi güclənməsində burada yaşayan millətlərə böyük ehtiyac var.

Ali Radanın deputatı Oles Doniy də yeni yaranan qurumun əhəmiyyətindən və bunun Ukrayna dövlətinin indiki sitüasiyasında vacibliyindən danışıb.

Çıxış edən digər nümayəndələr və qonaqlar da Millətlər Assambelyasına uğurlar arzulayaraq gözləntilərinin çox olduqlarını bildiriblər.

Tədbirdə bir çox beynəlxalq təşkilatların, xarici ölkə parlamentlərinin təbrik məktubları oxunub.

AzNews.az