“Axar.az” haker hücumuna məruz qalıb - Açıqlama

16 Noyabr 2013 12:47 (UTC+04:00)
Cəmi 25 gündür fəaliyyətə başlayan "Axar.az" növbəti dəfə haker hücumuna məruz qalıb və fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Məlumat üçün deyək ki, noyabrın 14-də, saat 16:00-da başlayan haker hücumu 18:00-da nəhayət saytın fəaliyyətini dondurdu.

Redaksiyanın texniki heyətinin səyi ilə problem 3 saatdan sonra həll olundu və "Axar.az" noyabrın 14-ü, saat 21:00-dan fəaliyyətini bərpa elədi. Amma növbəti gün, noyabrın 15-də eyni ünvandan, eyni saatda, eyni hücum taktikası ilə növbəti dəfə haker hücumu başladı. Bu dəfə texniki heyət qısa müddətə saytın fəaliyyətini bərpa etsə də, davamlı olaraq hücumlar olduğunu əsas gətirən server birtərəfli olaraq müqaviləni pozmaq məcburiyyətində qaldığını belə bir məktubla əsaslandırır: "Bu müraciətlə sizə bildiririk ki, "Contabo"da yerləşən serveriniz həddindən artıq böyük şəbəkə hücumuna məruz qalmış və bu da kütləvi şəbəkə pozuntularına səbəb olmuşdur.

Bu hücumlar tək sizin serverin yox, eləcə də başqa müştərilərin əldə etdiyi serverlərin yararlığına problem yaradır. Bu bizim ToS tərəfindən qəti qadağandır. Bu, kiçik yox, tam əksinə, çox böyük hadisədir - şəbəkənin dağılmasıdır. Xidmət provayderi olaraq bizim üçün bütün şəbəkənin stabilliyinin təminatı əsasdır.

Xahiş edirik nəzərə alasınız ki, bu problemi qarşılaşmaq çox zəhmət aparıb. Şəbəkədəki qırılmalar ciddi zərər verib və bizim bir çox müştərilərimiz də bundan ziyan çəkib. Bizim texniki dəstək komandamız bütün gücünü hücuma məruz qalmış şəbəkənin fəaliyyətini yenidən bərpa etməyə yönəldib. Dəstək komandamız kütləvi şəkildə şikayətlər alıb. Bütün komanda isə mütəmadi iş prosesini yerinə yetirmək əvəzinə bütün gücünü bu problemi həll etməyə sərf edib. Və buna səbəb sizin serverdir.

Bütün bu faktlar haqda danışmağımız təəssüf ki, bir nəticə verir: Beləliklə, biz razılaşmanı ləğv etmə hüququndan istifadə etmək məcburiyyətində qalaraq müqaviləyə son qoyuruq.

Biz sizdən serverinizin törətdiyi zərərə görə təzminat tələb etmirik. Sizin serverə girişi dayandırmaq qərarı vermişik. Biz ödədiyiniz məbləği sizin hesabınıza geri qaytarırıq. Geri ödəmə dərhal yerinə yetiriləcək".

Qeyd edək ki, hücumların hansı İP-lərdən təşkil edildiyi də artıq məlumdur. Yalnız onu deyə bilərik ki, hücum edən İP ünvanlar Ermənistandan deyil və ermənilər də deyil – təəssüf ki! Çünki ermənilər olsaydı, bunu normal qarşılayardıq.

Oxucularımıza bildirək ki, bu hücumlar "Axar.az"ın onlayn olduğu ilk gündən başladığı üçün texniki heyətin məsləhəti ilə əvvəlcədən ehtiyat serverlər (hostinq) alınıb. Artıq həmin ehtiyat serverlərimizdən birinə yönləndirmə dünəndən başlanıb və yenilənmə tamamlanmaq üzrədir. Yaxın saatlarda saytımızın fəaliyyətini bərpa edəcəyik.


AzNews.az