Əməkdar artist: “Mənim səhvlərimi təkrarlamasınlar”

18 Noyabr 2013 14:57 (UTC+04:00)
Əməkdar artist Firəngiz Babayevanın AzNews.az-a müsahibəsi


- Firəngiz xanım, hal-hazırda "Toy gecəsi" bədii televiziya serialına çəkilirsiniz. Serialın süjet xətti, canlandırdığınız obraz haqqında fikirlərinizi bilmək maraqlı olardı.


- "Toy gecəsi" bədii televiziya serialının ən üstün və fərqli cəhətlərindən biri gərgin, dinamik və dramatik sujet xəttinə malik olmasıdır. Burada əsasən dörd ailənin həyatından, yaşam tərzindən, şəxsi maraqları və mənafeləri uğrunda necə amansız şəkildə mübarizə aparmalarından və saf, təmiz bir sevgidən bəhs edilir.

Qohumlar, valideyn və övladlararası münasibətlərdəki ziddiyyətlər, ailədaxili çatlar, münaqişələr ustalıqla təsvir olunur. Sujet xətti o qədər mükəmməl, dinamika və dramatik situasiyalar o qədər zəngin və o qədər cəzbedicidir ki, əminəm, tamaşaçı gözünü bir an olsun belə ekrandan ayırmır. Bu məqamda serialın quruluşçu rejissoru Yaşar Əhmədovun əməyini xüsusi vurğulamaq istəyirəm.

Oynadığım obraza gəldikdə, onu deyə bilərəm ki, elə birinci seriyada oğlunu var-dövlətə, dünya malına görə sevmədiyi qadınla evləndirən və sonda oğul itkisi kimi böyük bir faciə yasayan gözüyaşlı bir anayam. Tale sanki Zərifədən üz döndərib. Hələ ki, xoş günlər, xoş anlar Zərifədən uzaqdır. Bir sözlə, dərdli ana, dərdli həyat yoldaşı.

- Zənninizcə, Zərifə obrazı tamaşaçıların diqqətini hansı xüsusiyyətləri ilə cəlb edə bilər?


- Bu obraz bir cox analarımıza ana olmağın əsl məğzini öyrədəcək. Yəni analar məhz Zərifə kimi ana olmaq istəməyəcəklər. Onun etdiyi səhvlərdən ibrət götürəcək, taleyüklü məsələlərdə övladlarının yerinə qərar verməkdən çəkinəcək, kor-koranə
qərarlarıyla balalarının həyatını məhv etməkdən uzaq qaçacaqlar.

Bir Azərbaycan qadını, bir ana kimi arzum budur ki, bütün analar övadlarını hər zaman xoşbəxt görsünlər, Zərifənin, yəni mənim etdiyim səhvləri heç vaxt təkrarlamasınlar.

- "Toy gecəsi"nin digər seriallardan fərqli və ya üstün hansı
cəhətləri var?


- Builki serial mövsümü hələ yeni baslayib. Hazırda yayımlanan serialların da hələ ki, bir neçə seriyası efirə gedib. Ona görə də bu sualınıza cavab verməyə bir qədər çətinlik çəkirəm.

Ancaq bir amili xüsusi vurğulamaq istəyirəm. Əminəm ki, "Toy gecesi" öz sujet xəttiylə mütləq tamaşaçıların böyük marağına səbəb olacaq.

- Firəngiz xanım, sizcə, ümumilikdə seriallarımızın uğur qazanması üçün hansı addımları atmağa ehtiyac var?


- İlk növbədə rejissorlarımız çəkinmədən professional aktyorların xidmətindən istifadə etməlidirlər. Bu, çox vacib amildir. Çünki professional aktyorun ortaya qoyduğu iş də sünilikdən uzaq, təbii, professional olur.

Seriallarımızın uğur qazanması üçün vacib olan daha bir mühüm amil isə keyfiyyətli görüntünün əldə edilməsidir. Buna görə də texniki təchizat məsələsinə xüsusi həssaslıqla yanaşılmalı, çəkiliş prosesində müasir avadanlıqlardan istifadə olunmalıdır.

- Bizim serialların Azərbaycanın hüdudlarından kənara çıxması üçün nə qədər vaxt lazımdır?


- Gəlin bunun ücün hələ tələsməyək. Unutmayaq ki, hər bir işdə vacib olan təcrübədir. Bir anlıq qardaş Türkiyənin serial işində keçdiyi yola nəzər salaq, müqayisələr aparaq.

Onların illər öncə istehsal etdiyi, hələ təzə-təzə serial çəkməyə başladıqları dövrlərdə ortaya qoyduqları seriallara baxanda indi yəqin ki, hamını gülmək tutar. Amma illər keçdikcə, serialdan seriala təcrübə öz sözünü deməyə başladı. İndi baxın görün tamasaçı necə boyuk maraqla onların seriallarını izləyir.

Biz bu işə hələ təzə başlamışıq. Vaxt keçdikcə, təcrübə çoxaldıqca, problemlər çözülərək həllini tapacaq, bu sahədə olan qüsurlar, nöqsanlar aradan qaldırılacaq. Nəticə haqqında da o zaman danışacağıq. Mən inanıram ki, yaxın bir neçə ildən sonra bizim seriallarımız da dünya arenasına çıxa biləcək.

- "Toy gecəsi"nin hər yeni bölümü yayımlandıqdan sonra bəlli oldu ki, ölkədə ən çox izlənən televiziya məhsuludur. Bunun belə olacağını gözləyirdinizmi?


- İnanın mənə, tam səmimiyyətlə deyirəm ki, hardasa bunun məhz belə olacağını gözləyirdim. Çünki ssenari müəllifimiz Samir Sədaqətoğlu o qədər maraqlı süjet xətti qura bilib ki... Bütün məsuliyyətiylə qeyd edə bilərəm ki, "Toy gecəsi"nin süjet xətti çox mükəmməldir. Hətta mən özüm birinci seriyanı oxuyandan sonra bir sıra suallarla, müəmmalarla üz-üzə qaldım. İstər-istəməz düşünməyə başladım ki, görəsən, növbəti seriyalarda hadisələr necə cərəyan edəcək?

Demək olar ki, hər epizodda hansısa gözlənilməz hadisə baş verir, qəhrəmanlar bir epizoddan digər epizoda keçincə ən ağlagəlməz situasiyalara düşürlər. Və bu da təbii olaraq dinamikanı, konflikti gücləndirir. Məhz belə olduqda tamaşaçı böyük diqqət və maraqla ona təqdim olunan məhsulu izləməkdə davam edir. Sözün düzü, əvvəlcədən mən bu şahmat oyununun tamasaçını cəlb edəcəyinə yüz faiz əmin idim.

Və indi çox sevinirəm ki, yanılmadım, ümidlərim özünü doğrultdu. Bu, quruluşçu rejissor Yaşar Əhmədov başda olmaqla hamımızın uğurudur.

- Firəngiz xanım, hazırda yayımlanan seriallar içində "Toy gecəsi"nə hansı seriallar rəqib ola bilər?


- Məncə, Azad Azərbaycan Televiziyası da daxil olmaqla hazırda ölkə televiziyalarında yayımlanan serialların bir neçəsi maraqlıdır. Əlbəttə, sağlam rəqabət yalnız ümumi işin xeyrinə ola bilər. Bu danılmaz bir faktdır ki, məhz sağlam rəqabət olan yerdə inkişaf mümkündür.

Amma bütün hallarda yaxşı, gözəl bir işin ortaya çıxması üçün zəhmət və fədakarlıq tələb olunur. Hamıya işlərində müvəffəqiyyət arzulayıram və xüsusilə "Toy gecəsi" bədii televiziya serialının yaradıcı heyyətinə arzu edirəm ki, qazandığımız uğur sona qədər davam etsin.

Bahar Rüstəmli
AzNews.az